ABŞ səfirliyi “Facebook inqilabı” iddialarını təkzib etdi

12 Mart 2013 10:08 (UTC+04:00)
Milli Demokratiya İnstitutunun Azərbaycanda inqilab hazırladığı barədə ittihamlar əsassızdır.

Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. Səfirlik bəzi kütləvi informasiya vasitələrində MDİ Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin Azərbaycanda "Facebook" sosial şəbəkəsi vasitəsilə inqilab planlaşdırılması layihəsinə 2 milyon dollar xərclədiyi barədə xəbərləri belə şərh edib:

"Milli Demokratiya İnstitutu və onun direktoru Azərbaycanda vətəndaş cəmiyyətinə və demokratik inkişafına dəstək istiqamətində iş həyata keçirir. MDİ 1995-ci ildən başlayaraq Azərbaycanda tam şəffaf fəaliyyət göstərir və onun fəaliyyəti Azərbaycan Ədliyyə Nazirliyi ilə imzalanmış qeydiyyat müqaviləsinə uyğun aparılır".

Qeyd edək ki, Milli Demokratiya İnstitutu ABŞ hökuməti tərəfindən inkişaf etməkdə olan dövlətlərdə demokratiyanın inkişafına dəstək məqsədilə yaradılmış, Milli Demokratiya Fondu tərəfindən maliyyələşdirilən təşkilatdır. Təşkilat federal hökumət, o cümlədən ABŞ Dövlət Departamenti, müxtəlif beynəlxalq inkişaf agentlikləri və özəl fondlardan maliyyələşir. Haqqin.az saytı bir müddət əvvəl MDİ-nın "Facebook" sosial şəbəkəsi vasitəsilə Azərbaycanda inqilab planlaşdırdığı, MDİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin bu məqsədlə 2 milyon dollara yaxın vəsait xərclədiyini yazıb.

AzNews.az