İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü

12 Mart 2013 10:20 (UTC+04:00)


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) XXIV Baş Məclisi keçirilib. APA-nın xəbərinə görə, AzQAC-ın növbəti Baş Məclisi ölkə prezidenti, Cəmiyyətin fəxri üzvü İlham Əliyevin təbrik məktubu ilə açılıb.

Təbrik nitqini Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov oxuyub. Təbrik məktubunda qeyd edilib ki, davamlı inkişaf dövrünü yaşayan Azərbaycanda əhalinin sosial rifah halının gücləndirilməsi dövlətin əsas prioritet vəzifələrindən biridir. Son illər sosial müdafiəyə ehtiyacı olan vətəndaşların, müharibə əlilləri və şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülüb. Eyni zamanda təbii fəlakətlərin nəticələri dövlətin öz daxili imkanları hesabına aradan qaldırılıb. Bütün bu işlərin yerinə yetirilməsində Qızıl Aypara Cəmiyyəti də yaxından iştirak edib.

Cəmiyyətin prezidenti Novruz Aslanov qeyd edib ki, 1920-ci ildə yaradılan AzQAC hazırda ölkədə ən böyük sosial bazaya malik qeyri-hökumət təşkilatıdır. Hazırda Cəmiyyətinin 300 min üzvü, 20 min könüllüsü var. N. Aslanov qeyd edib ki, ölkədə "Qızıl Aypara Cəmiyyəti haqqında" qanun qəbul olunub. Bu qanun digər ölkələrdəki milli cəmiyyətlərə də tövsiyə olunub. Prezidentin sərəncamı ilə hər il martın 10-u Qızıl Aypara Günü elan edilib: "Cəmiyyət qayğıya ehtiyacı olan təbəqəyə təmənnasız yardım göstərir. İndiyədək AzQAc könüllüləri tərəfindən Qarabağ müharibəsində itkin düşmüş 3490 şəxs haqqında sorğu anketi doldurularaq BQXK-ya təqdim edilib. Cəmiyyət Kür-Araz daşqınlarından, Zaqatala zəlzələsindən zərər çəkən şəxslərə yardım edilib. Artıq QAC tərəfindən təkcə ölkə daxilində deyil, digər ölkələrdə də qayğıya ehtiyacı olan şəxslərə humanitar yardım göstərilir".

Baş Məclis Cəmiyyətin ötən 5 ildəki fəaliyyəti müsbət qiymətləndirib. Baş Məclis tərəfindən N. Aslanov yenidən AzQAC-ın prezidenti seçilib. Baş Məclis, həmçinin 2013-cü ilin prezident seçkilərində ölkə prezidenti İlham Əliyevin namizədliyini irəli sürüb.

AzNews.az