“Danışığa gedənləri də doğrayıb yeşiklərdə basdırıblar...” - Lənkərandakı qırğınla bağlı dəhşətli faktlar

30 Mart 2018 14:41 (UTC+04:00)

Ona görə yox ki, xalqımızın tarixinə qanla həkk olunub, bu tarixdən minlərlə günahsız insanın ah-naləsi, harayı ucalır, bu rəqəmlərdən qan damır; bunlar da var. Amma ən əsası, yaddaşımızı dünən baş verənlərə kökləməklə, olanları xatırlayıb ibrət götürmək, sabahkı nəsillərə tarixi kodlarımızı ötürməkdir. Olanlar niyə belə oldu, kimin günahından, səriştəsizliyindən baş verdi? Dost-düşməni tanımadığımızdanmı, biganəliyimizdənmi, “tək mən tox olum, cümlə cahan batsa da batsın” deməyimizdənmi?.

Tarixin təkərini geri çevirmək mümkün olmasa da, onun dərslərindən ibrət götürüb, sabahımızda belə olaylardan qurtula bilmək şansı var axı...

Bu gün yaddaşımızın daha bir ağrılı səhifəsini vərəqləməklə, ötənləri xatırlamaqla, həm günahsız qurbanları yad edirik, həm də keçmiş səhifələrimizə güzgü tuturuq, dost-düşmənimizi ayırırıq.

1918-ci ilin mart soyqırımından bizi bir əsrlik zaman fasiləsi ayırır. İlk öncə, mart qırğınında faciəli şəkildə qətlə yetirilmiş minlərlə soydaşımızın xatirəsini ehtiramla anaraq ruhlarına rəhmət diləyirəm.

Qeyd etmək istəyirəm ki, qanlı qırğın təkcə paytaxt Bakıda, şimal bölgəsində deyil, həm də cənubda - Lənkəranda da eyni qəddarlıq və amansızlıqla törədilib. Tarixi faktlara görə, 1918-ci ilin martın 28-31-i aralığında Lənkəran qəzasında erməni daşnakları tərəfindən 40-dan çox kənd yandırılıb, iki mindən çox dinc sakin qətlə yetirilib. Sütəmirdov kəndində baş verənləri isə faciənin kulminasiya nöqtəsi saymaq olar. Müəmmalı səbəbdən Şıvkınovun dəstəsindən olan rus əsgərinin qətlə yetirilməsinə cavab olaraq bütün kənd sakinlərinin ölümünə qərar verənləri fikirlərindən daşındırmaq, gözlənilən qırğını dayandırmaq məqsədilə kəndin 14 ağsaqqalı danışığa yollanır. Sülh missiyalı dəstə üzvlərindən biri naməlum səbəblərdən qaçıb canını qurtara bilsə də, qalan 13 nəfər vəhşicəsinə doğranılaraq qətlə yetirilib.

Danışığa gedənlərin cəsədləri doğaranılaraq iki yeşiyə yığılıb, dəniz kənarında Dəhnə deyilən ərazidə basdırılır.

Həmin yeşikləri kəl arabasında daşımış arabaçı Musa kişi sirri açacağı təqdirdə ölümlə hədələnir. Musa kişi dəhşətli qətliamın sirrini ancaq ermənilər və Şıvkınovun dəstəsi Lənkərandan gedəndən sonra açıb deyir. Qanlı yeşik sakinlər tərəfindən kənd məscidinin həyətinə gətirilir, cəsədləri yumaq mümkünsüz olduğundan təyəmmüm edilərək məscidin həyətində dəfn edilir.

Sutəmurdov kənd məscidinin axundu Hacı Fəxri Sadıqov deyir ki, “Qətlə yetirilənlərdən biri - Şeyx Ənnağı Şeyx Əbdülhüseyn oğlu mənim babamdır və burda onların içində şəhadətə yetənlərdəndir. Hər kəsi bir əlamətindən - kimini barmağındakı üzükdən, kimini libasından tanıyıblar, babamı da saqqalının hənasından”.

Qocaman tədqiqatçı alim Hacı Mirhaşım Lənkəranda baş verən soyqırım faktını araşdırarkən hadisə şahidlərindən, valideynlərindən qanlı olaylar barədə dəhşətli məlumatlar aldığını deyir.

Çayda sellə bərabər qan gedib, papaqlar gedib. O papaqlar sübut edirdi ki, insanları dağdan qıra-qıra gəliblər. Qırğından vaxtında xəbərdar olanların hamısı ev-eşiyini qoyub qaçmışdı Osakucə meşələrinə.”

Rayonun Gərmətük qəsəbə sakini, qocaman ağsaqqal ziyalı Sərhad Məmmədovun dedikləri daha dəhşətlidir. Ermənilərdən qaçaraq məscidə pənah aparan qız-gəlinləri orda doğramış, uşaqları süngüdən keçirmiş, onlarla evə od vurmuş, cavan gəlinin belinə qaynar samovarı şələləyərək rəhmsizcəsinə qətlə yetirmişlər. Bu gün sadaladığımız bu faktlar tarixin üz qarası, millətimizin ağrısıdır. Milli faciələri yas tutmaqla xatırlamağımız yetər. Məntiqi nəticələr çıxarmanın zamanıdır - intiqam saatını yaxınlaşdırmaq üçün!

Esmira İsmayılova,
Lənkəran