Qəzza zolağında ölən fələstinlilərin sayı 17-yə çatdı

31 Mart 2018 09:00 (UTC+04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur bəyan edib.

“Hazırda toqquşmalar nəticəsində 17 fələstinlinin öldüyü təsdiqlənib. Onların arasında həddi -büluğa çatmayan uşaqlar da var. 1500-dək insan müxtəlif dərəcəli xəsarətlər alıb”, deyə R.Mənsur qeyd edib.

Qeyd edək ki, ötən gün Qəzza zolağında "Torpaq günü"nü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçiriblər. 30 mart Fələstin torpaqlarının işğalı ilə bağlı “Torpaq günü” kimi qeyd olunur.

Eyni zamanda Qəzza zolağında “Böyük qayıdış yürüşü” adlı kütləvi etiraz aksiyasına start verilib. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.

AzNews.az