Qubada “Soyqırımıların dərsləri” mövzusunda respublika elmi konfransı keçirilir

31 Mart 2018 12:07 (UTC+04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, konfransdan öncə “1918-ci il mart soyqırımı Belarus fotoqrafı Lev Daşkeviçin gözləri ilə” adlı foto-sərgiyə və azərbaycanlıların soyqırımına həsr olunan kitab sərgisinə baxış keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli açılış çıxışı edib. Daha sonra iştirakçılar “Quba soyqırımı” filmini izləyiblər.

Konfransda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun, millət vəkili Yevda Abramovun, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın, Türk Tarix Qurumu Erməni Araşdırmaları Mərkəzinin başqanı Kamal Çiçəyin, tarix elmləri doktoru, professor Solmaz Rüstəmovanın çıxış etməsi nəzərdə tutulub.

Qeyd edək ki, tədbirdən öncə Qubadakı soyqırımı məzarlığına yürüş təşkil olunub.

Yürüşdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, alimlər, din xadimləri, Quba və ətraf rayonların ictimaiyyət nümayəndələri, Bakıdan və digər bölgələrdən gələn müxtəlif təşkilatları təmsil edən şəxslər iştirak edib.

Yürüşdə “31 Mart soyqırımını unutmadıq!”, “Dünya birliyi erməni terrorizminə siyasi və hüquqi qiymət verməlidir!”, “Terrorizmə yox!” şüarları səsləndirilib.

AzNews.az