Aliment problemi ilə üzləşən qadınların nəzərinə

12 Mart 2013 12:21 (UTC+04:00)


Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi, vəkil Dünyamin Novruzov Trend-ə bildirib ki, Ailə Məcəlləsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
Vəkilin sözlərinə görə, qanunvericilik uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulması qaydasını müəyyənləşdirir.
Vəkil bildirib ki,yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi, onların saxlanılması ilə bağlı valideynlər nikahdan qabaq və ya nikah müddətində əvvəlcədən razılığa gəlib saziş bağlaya bilərlər.
Əgər belə bir saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.
"Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimum saxlanması əsas tutularaq müəyyən edilir", - Novruzov bildirib.
O deyib ki, Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli qərarı ilə uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və başqa gəlirlərinin növləri müəyyən edilib.
Vəkil bildirib ki, arvadın məhkəməyə uşaqlarının saxlanmasına görə aliment tutulmasına dair iddia tələbi ilə müraciət etməsi üçün ərindən boşanması əsas deyil. Belə ki, arvad ərindən boşanmadan da məhkəməyə uşaqlarının saxlanması üçün ərindən aliment tutulmasına dair iddia tələbi ilə müraciət edə bilər.
Novruzovun sözlərinə görə, Ailə Məcəlləsi valideynlərin üzərinə uşaqlarını saxlamaq vəzifəsini qoyub. Belə ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
"Ər qanunvericilikdə nəzərdə tutulmuş valideynlik vəzifələrini pozarsa, ondan uşaqlarını saxlaması məhkəmə yolu ilə tələb oluna bilər", - Novruzov bildirib.
Vəkil bildirib ki, uşaqların xəstə olması səbəbindən məhkəmə tərəfindən müəyyən edilmiş aliment uşağın saxlanmasına kifayət etmirsə, qadın keçmiş ərindən, yəni uşağının atasından övladlarının müalicəsi üçün əlavə pul vəsaiti verməsini tələb edə bilər.
Belə ki, Ailə Məcəlləsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
Novruzov bildirib ki, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir.
"Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmçinin məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər", vəkil vurğulayıb.