- Azərbaycan musiqisi demək olar ki, o torpaqda doğulan və müğənni kimi yetişən hər bir insanın qanındadır. Mən dünyanın hansı bir ölkəsində olmuşamsa, mütləq Azərbaycan mahnısı da ifa etmişəm. Bizim mahnılarımız auditoriya tərəfindən məhəbbətlə qarşılanır. Çünki mahnılarımız çox şirindir, ürəyə yaxındır. Bizim bəstəkarlarımızın mahnılarını ifa etməmək, tanıtmamaq böyük qəbahət olar. Necə ola bilər ki, səhnəyə çıxasan, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Əşrəf Abbasovun, Müslüm Maqomayevin, Tofiq Quliyevin mahnılarını oxumayasan? Repertuarımda Müslüm Maqomayevin böyük şövqlə oxuduğu "Azərbaycan” mahnısı xüsusi yer tutur. Bu gün hər bir azərbaycanlının zəngin mədəniyyətimiz, incəsənətimiz ilə qürur hissi keçirməyə haqqı var. Azərbaycan dünyaya çox böyük bəstəkarlar bəxş edib. Mən də bu ölməz sənətkarların əsərlərini ifa edib Azərbaycanı layiqincə tərənnüm edirəm. Onu da qeyd edim ki, Azərbaycan mədəniyyətini təbliğ etdiyimə görə, dünya azərbaycanlılarının Bakıda keçirilən ikinci qurultayında Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə "Tərəqqi” medalına layiq görülmüşəm.
Böyük müğənninin adına layiq
- Azərbaycanda tez-tez musiqi aləmində şou sənətinin daha çox yayılması ilə bağlı fikirlər səslənilir. Hətta bayağı musiqilərin ciddi sənəti sıxışdırdığı deyilir. Bu baxımdan Ukraynada vəziyyət necədir?
- Mən peşəkar musiqiçi kimi deyə bilərəm ki, bu çatışmazlıqlar elə Ukraynanın incəsənətində də mövcuddur. Hətta öz müşahidələrimə əsasən qeyd edə bilərəm ki, bu gün bütün dünyada vəziyyət eynidir. Hansısa bir qüvvə sanki gözəl bəstəkar mahnılarına, xalq mahnılarına, ümumiyyətlə səviyyəli sənətə zərbə vurur. Nəticədə dəyərsiz, bayağı musiqini insanların beyninə yeridirlər. Gənclər korifey sənətkarları tanımırlar. Xalq musiqisinin köklərini bilməyən bir insanın ölkəsinin musiqi mədəniyyətindən, incəsənətindən xəbəri ola bilməz. Biz peşəkar musiqinin, milli-mənəvi dəyərlərimizin təbliğatını daha da gücləndirməliyik.
- Azərbaycanda konsert proqramı ilə çıxış etməyi düşünürsünüzmü?
- Təəssüf ki, belə bir dəvət almıram. Hətta, deyərdim ki, bizim təşkilatın fəaliyyəti ilə bağlı da laqeydlik görürəm. Məsələn, biz ukraynalı sənət adamları ilə birgə Azərbaycan musiqilərindən ibarət ifalar təqdim edirik. Ancaq biz həmin ifalarla indiyə qədər Azərbaycanda səhnəyə çıxmamışıq. Hətta repertuarımız üçün seçəcəyimiz əsərlərin notlarını Azərbaycandan ala bilmirik.
- Truskavetsdə noyabr ayında Müslüm Maqomayevin xatirəsinə həsr olunan ilk beynəlxalq vokal festivalı keçirməyi planlaşdırırsınız. Təşkilatçılıq işləri hansı səviyyədədir?
- Müslüm Maqomayev həmişə mənim kumirim olub. Artıq bir neçə ildir ki, onun adına festival təşkil edirəm. Truskavetsdə isə belə bir festival ilk dəfə keçiriləcək. Bu festivalların təşkil olunmasında Ukraynada yaşayan azərbaycanlıların, xüsusən konqresin rəhbəri Rövşən Tağıyevin böyük əməyi var. Ukrayna dövləti də tədbirlərimizə həmişə dəstək olub. Vokal festivalına gəlincə, bütün dünya Maqomayevi tanıyır. Nə üçün biz onun adına vokalistlərin beynəlxalq müsabiqəsini keçirməyək? Nə üçün Yurmalada hər il festival keçirilir və dünyada məşhurlaşır, biz isə Truskavetsdə belə festivalı keçirib məşhurlaşdırmayaq? Bunun üçün şəhərdə hər cür imkan var. Vaxtilə vokalçıların müsabiqəsi Yaltada keçirilib. Əgər indi məqsəd Truskavetsi bütün festivalların mərkəzinə çevirməkdirsə, nə çün Müslüm Maqomayevin adına festival keçirməyək? Artıq konsertin konsepsiyası hazırdır. Elə təkcə Ukrayna ərazisində çox istedadlı vokalistlər var. Biz Donetsk, Xarkov, Kiyev konservatoriyalarının müəllimləri ilə münsiflər heyətinin seçilməsi ilə bağlı məsləhətləşmələr aparacağıq. Münsiflər heyəti Ukrayna ali məktəblərinin musiqi kafedralarının ən yaxşı müəllimlərindən və opera solistlərindən seçiləcək. Bu, həvəskar müsabiqə olmayacaq. Hər bir istedadlı və peşəkar vokalist bu müsabiqəyə qatıla bilər. Biz bu festivalı yüksək səviyyədə həyata keçirmək niyyətindəyik. Təbii ki, Truskavets meriyası da təşkilatçılıq işlərində bizə kömək etməyə hazırdır. Hesab edirik ki, Azərbaycan musiqiçiləri də bu festivala laqeyd qalmayacaq. Ümumiyyətlə, Truskavetsdə istirahət etməyə çoxlu azərbaycanlılar gəlir. İnanırıq ki, onlar da bu festivalın yekun tədbirində fəal iştirak edəcəklər.