Elşad Abdullayev İlham Əliyevə məktub göndərdi -TAM MƏTN

12 Mart 2013 14:42 (UTC+04:00)

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev Azərbaycan prezidenti İlham Əliyevə açıq məktub yazıb və aparıcı media qurumlarına göndərilib. Məktubu olduğu kimi dərc edirik:

Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikası Baş Prokurorluğunun bu il mart ayının 7-də kütləvi informasiya vasitələrində yayımlanmış bəyanatından sonra növbəti və yəqin ki, sonuncu dəfə Sizə müraciət etmək qərarına gəldim. Açığı prokurorluğun bəyanatından sonra mən Azərbaycanda ədalətə nail olacağıma inamımı tamamilə itirmişəm. Mənim üçün nə qədər çətin olsa da etiraf etməliyəm ki, Sizə müraciət edərkən mən daxilən bunun hər hansı müsbət nəticə verə biləcəyinə bir o qədər inanmasam da ən azı Konstitusiyamızda yazılanlara görə Sizin ölkə vətəndaşlarının qarantı olmanızı bildiyimdən özümü sadəlövhcəsinə inandırmağa çalışıram ki, bəlkə mənim başıma gətirilənlərdən Sizin xəbəriniz yoxdur. Ola bilsin ki, bu barədə müvafiq qurumlar Sizi ümumiyyətlə, yaxud da düzgün məlumatlandırmır.

Bundan əvvəlki müraciətlərimdə başıma gələnlər barədə ətraflı məlumat vermişdim, həmin müraciətdən sonra Sizin göstərişinizlə mənim doğma qardaşım, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Abdullayev Mahir İslam oğlunun oğurlanması faktına görə başlanmış cinayət işinin araşdırılması üçün 04 oktyabr 2012 il tarixindən AR Baş Prokurorluğu yanında Müstəqil İstintaq Komissiyası yaradıldı. Yəqin bilirsiniz ki, qardaşım Mahir 15 oktyabr 2003-cü ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar 13 oktyabr 2003-cü il tarixdə respublika stadionunda Prezidentliyə namizəd kimi Sizin gənclərlə görüşünüzdə iştirak etmək üçün saat 10:30 radələrində evdən çıxmış və bir daha geri qayıtmamışdır. Hal-hazıra kimi də ondan heç bir məlumat yoxdur. Oktyabr ayının 14-də hadisə barəsində polisə müraciət etmişəm, Mahirin itkin düşməsindən sonra keçən bu on il ərzində mən gecə və gündüz onun axtarışı ilə məşğul olmuşam, onun tapılması üçün bütün leqal və qeyri-leqal yollara baş vurmuşam, əlimdən gələni mümkün olan hər bir vasitədən istifadə etmişəm.

Hadisədən bir ay sonra 14 noyabr 2003-cü il tarixdə Bakı şəhər prokurorluğu tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin144.2.6-cı maddəsi ilə (adam oğurluğu) cinayət işi başlanmış və istintaq aparılması üçün Bakı şəhər baş polis idarəsinin istintaq idarəsinə göndərilmişdir. İş üzrə aparılmış istintaq zamanı Mahir Abdullayevin barəsində heç bir məlumatın əldə edilmədiyini, onun qətlə yetirilməsinə şübhələr olduğunu nəzərə alaraq həmin cinayət işi 06 yanvar 2005-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə (qəsdən adam öldürmə) tövsif edilərək istintaq aidiyyatı üzrə Azərbaycan Respublikası Baş prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilmişdir və təxminən 8 il ərzində həmin idarədə "istintaq aparılmışdır". Cinayət işi üzrə mən yalnız 2009-cu ildə zərərçəkmiş şəxs qismində tanınmışam. Dəfələrlə işin istintaqının ləng, səmərəsiz aparılması barədə müxtəlif instansiyalara, o cümlədən möhtərəm Prezident Sizə müraciətlər etmişəm, həmişə də Azərbaycan Respublikası Baş prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədovun imzası ilə "müraciətlərimin cinayət işinə əlavə edilməsi və nəticəsi barədə mənə əlavə məlumat veriləcəyi barədə" eyni məzmunlu başdansovdu cavablar almışam. Buna baxmayaraq indiyə kimi mənə heç bir əlavə məlumat verilməmişdir. Qardaşımı oğurlayan şəxslərin aşkar edilməsi ilə əlaqədar tutduğum prinsipial mövqeyə görə, eyni zamanda təsisçisi, qurucusu və rektoru olduğum Azərbaycan Beynəlxalq Universitetini mənim əlimdən almaq məqsədi ilə müxtəlif şəxslər tərəfindən hədələndiyimi və həyatıma yaranmış təhlükəni nəzərə alaraq 21 sentyabr 2010-cu ildə Azərbaycan Respublikasını tərk etməyə məcbur olmuşam və hazırda Fransada məskunlaşmışam. Fransaya gəldikdən sonra da mənə qarşı təzyiqlər səngiməmiş, burda da müxtəlif səpkili provokasiyalarla üzləşmişəm.

Mən hüquq və azadlıqlarımın pozulması ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışam. Özüm Azərbaycana gələ bilmədiym üçün bu iş üzrə zərərçəkmiş şəxs kimi malik olduğum hüquqlardan səmərəli istifadə etmək məqsədi ilə professional hüquqşünasa müraciət etmək məcburiyyətində qalaraq özümə vəkil tutmuşam. Bundan sonra vəkilimin vasitəsi ilə istintaqın sürətləndirilməsi üçün çoxsaylı vəsatətlərlə prokurorluğa müraciət etmişəm və hər dəfə də müxtəlif əngəllərlə rastlaşmışam. Əvvəlcə vəkilimi işdə iştirak etməyə buraxmayıblar, prokurorluğunun bu qanunsuz hərəkətindən məhkəməyə müraciət etdikdən sonra məhkəminin qərarı ilə bu məsələ öz həllini tapıb və onu mənim nümayəndəm kimi işə buraxıblar. Gözləmək olardı ki, prokurorluq orqanları ilə bundan sonrakı münasibətlərimiz hüquq müstəvisində qanunauyğun həllini tapacaqdır. Lakin təəssüf ki, belə olmadı. Prokurorluq tərəfindən bundan sonrakı müraciətlərimizə də başdansovdu cavablar verildi. Vəkilimə cinayət işinin materialları ilə tanış olmağa şərait yaradılmadı. Ayrı-ayrı şəxslərin mənə qarşı törətdikləri cinayətlər barəsində verdiyim məlumatlara faktiki olaraq heç bir reaksiya verilmədi. Əksinə prokurorluq mənim əleyhimə "sübutlar" toplamaqda davam etdi. Biz prokurorluğun qanunsuz hərəkətləri və özbaşınalığı barədə məhkəmələrə müraciət etsək də, bu müraciətlər nəticəsiz qaldı, çünki məhkəmələr qanunsuz olaraq şikayətləri qəbul etməkdən imtina etdi və onları geri qaytardı. Beləliklə biz ölkədaxili hüquqi vasitələri tükətmiş olduq.

Möhtərəm cənab Prezident!

Yuxarıda qeyd etdiyim kimi qardaşım Mahir Abdullayevin oğurlanması işi üzrə istintaqın qeyri obyektiv aparılması və Azərbaycanda məruz qaldığım təzyiq və təqiblə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişəm və ərizəm həmin məhkəmədə qeydiyyata alınmışdır. Bu işdə şübhələndiyim bəzi şəxslər barəsində mən dəfələrlə Azərbaycanda müxtəlif instansiyalara müraciət etmişəm, lakin heç bir nəticəsi olmayıb. Konkret olaraq 2009-cu ilin fevral ayından başlayaraq dəfələrlə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə və respublika prokurorluğuna şikayətlərlə müraciət etmişəm. Əlimdə olan bir sıra sübutları o cümlədən videomaterialları MTN-in əməkdaşına yazılı şəkildə təqdim etmişəm və həmin əməkdaşın video disklərin məndən götürməsi prosesinin də videoçəkilişini aparmışam. Bütün bu çəkilişlər yalnız bir məqsədlə aparılıb, gələcəkdə söylədiklərimin həqiqət olmasını kimə isə sübut edə bilim. Hazırda xaricdə yaşadığımı və şəxsi toxunulmazlığım üçün təminatın olmasını nəzərə alaraq bu işdə şübhələndiyim daha bir şəxs haqqında 11 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikası prokurorluğuna yazılı məlumat verdim. Söhbət Azərbaycan Respublikası Mili Məclisinin üzvü deputat Əhmədova Gülər Mikayıl qızından gedir. Bu şəxs 2005-ci ilin noyabr ayında Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ərəfəsində rəfiqəsi Babayeva Sevinc Telman qızının vasitəsi ilə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Mehdiyev Ramiz Ənvər oğluna verəcəyi adı ilə məndən 2.000.000 ABŞ dolları almışdır. Əvəzində məni Milli Məclisə deputat seçdirəcəyinə və bundan sonra qardaşımın sağ salamat geri qaytarılacağına söz vermişdir. Lakin o, vədinə əməl etməmiş, pulumu geri istədikdə isə məni həbs etdirəcəyi və fiziki cəhətdən məhv etdirəcəyi ilə hədələmişdir. Mən həm Gülər Əhmədova, həm də Sevinc Babayeva ilə söhbətlərimin video çəkilişini və telefon danışıqlarımızın audio yazısını aparmışdım. Həmin çəkiliş və yazıların surətlərinin olduğu kompakt diskləri Gülər Əhmədova barəsində cinayət işi başlanılması barədə ərizəmlə birlikdə Baş prokuror Zakir Qaralova göndərdim və göstərilən şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 311-ci maddəsi ilə cinayət işi başlanılmasını xahiş etdim. Lakin Baş prokuror qanunauyğun tədbir görmək, yəni cinayət işi başlamaq və istintaq aparmaq əvəzinə mənim ərizəmi Eldar Əhmədova göndərdi. O da qanunsuz olaraq mənim vəkilimə yenə həmişəki məzmunda ərizənin cinayət işinə əlavə edilməsi barədə cavab verdi. Mən bundan sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələskərova müraciət etdim ki, prokuorluq orqanları birbaşa Respublika Prezidenti qarşısında hesabat verdikləri üçün onlara ərizəmin qanuna müvafiq qaydada həll olunması barədə göstəriş versin. Lakin bu ərizəmə də cavab almadım. Mən hüquq mühafizə orqanlarına və Prezident Administrasiyasına şikayət edərkən bildirmişdim ki, bu məsələnin yəni deputat Gülər Əhmədovanın məndən rüşvət almasının ictimailəşdirilməsini istəmirəm, istintaq aparılmasını, mənim doğru və ya yalan danışmamın müəyyən olunmasını istəyirəm. Lakin təəssüf ki, onlar qanunla üzərlərinə düşən vəzifəni yerinə yetirmədilər. Ona görə də özümün və ailə üzvlərimin təhlükəsizliyini təmin etmək üçün bu məsələni ictimailəşdirmək qərarına gəldim. Kütləvi informasiya vasitələrində əvvəlcə bəyanatla çıxış etdim, bəyanat dərc edildikdən sonra da bir həftə də gözlədim ki, hüquq mühafizə orqanları bu məsələyə reaksiya verəcəklər. Lakin belə olmadı. Bu müddət ərzində yenə də mənə və ailə üzvlərimə qarşı təhdidlər olduğu üçün mən Gülər Əhmədova ilə aramızda olan söhbətin videoyazısının bir fraqmentini internetdə yerləşdirdim.

Prokurorluq orqanlarından yenə də heç bir səs çıxmadı. Gülər Əhmədova isə öz növbəsində guya videogörüntülərin montaj olması barədə bəyanatlar verdi. Nəhayət məhz Sizin bu işə birbaşa müdaxilənizdən sonra prokurorluqda cinayət işi başlandı və Gülər Əhmədova Milli Məclisin üzvlüyündən istefa verdi. Mətbuatda baş prokurorun verdiyi müsahibədən belə başa düşdüm ki, bu iş Sizin şəxsi nəzarətinizdədir. Fikirləşirdim ki, nəhayət buz tərpənib və iş obyektiv həllini tapacaq. Lakin təəssüf ki, sonrakı hadisələr mənim növbəti dəfə aldanıldığımı göstərdi. Buna görə də o vaxt 2 oktyabr 2012-ci ildə yenidən Sizə mıktub vasitəsilə müraciət etdim və müraciətimdə yuxarıda təsvir etdiyim şəraiti diqqətinizə çatdırdım. Məhz həmin müraciətdən sonra şəxsən Sizin göstərişinizlə müstəqil istintaq komissiyası yaradıldı. Həmin komissiyanın yaradılmasından artıq 5 ay keçib. Amma bu 5 ayda demək olar ki, heç nə dəyişilməyib. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Ən birinci səbəb isə komissiyanın yalnız adının müstəqil olmasıdır. Komissiya faktiki olaraq baş prokuror Zakir Qaralovun, o isə Ramiz Mehdiyevin tabeçiliyində və nəzarətindədir. Doğrusu bu komissiya yaradılarkən məndə şübhələr vardı, amma özümü inandırmaq istəyirdim ki, Zakir Qaralov ən azı Sizin qorxunuzdan obyektiv mövqe tutacaq. Mənim şübhələrim heç də əsassız deyildi. Məsələn, MTN-də olan yüzlərlə əməkdaşdan nəyə görə məhz Rəsul Rəsulovun istinatq komissiyasının tərkibinə salınması başa düşülən deyildi. Bu həmin Rəsul Rəsulov idi ki, 2009-cu ilin fevral-mart aylarında mənim iş otağımda məndən videoçəkilişləri və audio kassetləri protokolla qəbul etmişdi və rəisi Akif Çovdarovla onların araşdırılması ilə "məşğul olmuşdu". Baş prokuror Zakir Qaralovа gəldikdə isə mənim tələbə yoldaşım olmuş bu şəxsin hansı əməllərin sahibi olmasını bütün respublika kimi mən də gözəl bilirəm. Mənim çoxsaylı müraciətlərimdən sonra qardaşımın axtarılıb tapılması ilə məşğul olmaq əvəzinə Baş Prokuror bəyan edir ki, mənim fəaliyyətimlə bağlı çoxlu sayda qanunsuzluqlar aşkar etmişdir. Baş prokurordan soruşаn olmur ki, Beynəlxalq Universitetin fəalliyyət göstərdiyi illərdə və ən azı onun fəaliyyətinin qanunsuz olaraq dayandırıldığı son iki ildə nə üçün bu qanunsuzluqları görmürdü və görürdüsə nə üçün susurdu? Nə əcəb belə bir şey vardısa bunu ən azından ABU-da kafedra müdiri işləmiş əmisi Zahid Qaralovdav eşitməmişdimi? Nə üçün bu qanunsuzluqlar videogörüntülər ortaya çıxdıqdan sonra yada düşdü? Yeri gəlmişkən, baş prokurordan soruşmaq lazımdır ki, şəxsən onun tərəfindən TQDK-nın yoxlaması zamanı ABU-da aşkar edilmiş pozuntularla əlaqədar 26 aprel 2006-cı ildə (!) Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrilə başlanmış 76723 saylı cinayət işi üzrə istintaqın aparılması nəyə görə 06 sentyabr 2006-cı ildə Baş prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edildi və iki gündən sonra qanunsuz olaraq Mahir Abdullayevin işinə birləşdrildi? 7 ildir bu işin istintaqından nə üçün xəbər yoxdur? Yaxud Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin istintaq şöbəsində ABU-nun ali təhsil haqqında saxta diplomlarının, Azərbaycan Respublikası Təhsil Nazirliyinin blankında tərtib olunmuş saxta arayışların hazırlanması və ABU-nun vəzifəli şəxslərinin bu əməliyyatların törədilməsinə aidiyyətləri faktına görə Azərbaycan Respublikası CM-nin 308.1 və 320.1-ci maddələri ilə başlanmış 99570 saylı cinayət işi 05 may 2010-cu ildə istintaqın davam etdirilməsi üçün yenə Baş prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilərək bir gün sonra qanunsuz olaraq Mahir Abdullayevin işinə birləşdirilirdi. Bu işdə mənim hər hansı bir iştirakım var idisə Prokurorluq neçə illərdir bu işləri niyə süründürür, 2006-cı ildən indiyə kimi 7 il ərzində istintaqmı olar, əgər bu işlərin birləşdirilməsi qanuni idisə niyə bizim çoxsaylı müraciətlərimizdən sonra onlar ayrılaraq Korrupsiya İdarəsinə qaytarıldı. Bəlkə baş prokuror bu qanun pozuntularına mənim qara qaşıma-gözümə görə getmişdi, səbəbini o da, mən də gözəl bilirik, "oğurlanmış MTN zabiti Mahir Abdullayevin işini tələb etmə, əks halda Sizi həbs edərik". Mahir Abdullayevin oğurluq işini aparan HMO-larının bütün əməkdaşları və Baş Prokuror Zakir Qaralov 100 % bu cinayət işinin subyektini, subyektiv cəhətini, obyekti və obyektiv cəhətlərini bildikləri halda cinayəti bilə-bilə gizlətməyə və vəzifə mövqelərindən cinayətkarcasına sui-istifadə etmələrinə görə cinayət məsuliyyəti daşımalıdırlar.

Baş Prokurorluğun sonuncu bəyanatından sonra mənə bir daha aydın oldu ki, "müstəqil" istintaq komissiyası da özündən əvvəlkilər kimi Mahir Abdullayevin işi ilə, onun axtarılması ilə, ona və mənim ailəmin digər üzvlərinə qarşı törədilmiş cinayətlərin araşdırılması ilə məşğul deyil, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərir, MİK-in əsas işi mənə qarşı saxta fabrikovat olunmuş "sübutlar" toplamaqdan ibarətdir. MİK Mahir Abdullayevin cinayət işini açmaq əvəzinə zərərçəkmişi susdurmaq məqsədi ilə ona qarşı çoxsaylı təzyiq vasitələrindən istifadə etmişdir. Mən bunu əvvəldən də görürdüm və Sizə əvvəlki müraciətimdə də yazmışdım, bəyanatla prokurorluq bir daha təsdiq etdi ki, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil təşkilatla əlbir fəaliyyət göstərməklə məqsəd mənim təqdim etdiyim sənədlərdən və sübutlardan öz əleyhimə istifadə etməkdir. Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın qaddarlıq fəlsəfəsi bir qardaşımın oğurlanması, digərinin Ramiz Mehdiyevin "Qurd qapısı" restoranında zəhərlənməsi, qohum-əqrəbamın şil-küt olunması, Mahirin oğurlanması cinayət işində əsas şahidlərin bütün xalqın gözü qarşısında baş vermiş Sevinc Babayeva sayağı qətlə yetirilməsi, 20 illik ABU-nin iyirmi dəqiqəyə bağlanması kimi ağır dövləti cinayətlər ilə xarakterizə olunur. Prokurorluq bizim əsəblərimizlə oynayaraq zərərçəkmişə qarşı təhdidlərini açıq-aşkar leqal olaraq AR Mətbuat Şurasının "Qara siyahısında" reket adlandırılan "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili və həbsdə yatmış şantajist vəkil Ramiz Zeynalov vasitəsi ilə etmişdir. Amma, onlar buna nail ola bilməyəcəklər mən özüm hüquqşünasam, öz hüquqlarımı bilirəm və onları qorumaq qabiliyyətindəyəm, ən azından Azərbaycanda olacağım təqdirdə mənim başıma gətirə biləcəklərini nə qədər ki, mən Fransadayam edə bilməyəcəklər. Azərbaycana isə mən yalnız o halda gələcəyəm ki, təhlükəsizliyimə Sizin səviyyənizdə təminat verilsin.

Möhtərəm cənab Prezident!

Mən 2012-ci ilin oktyabr ayının 2-də Sizə ünvanladığım müraciətdə yazmışdım ki, Baş prokuror Zakir Qaralov başda olmaqla onun rəhbərlik etdiyi prokurorluğun bütün əməkdaşlarının mənim təqdim etdiyim sənəd və sübutlar əsasında başlanmış cinayət işi üzrə istintaq aparmaq və istintaqa prosessual rəhbərliyi həyata keçirmək üçün mənəvi və qanuni haqları yoxdur. Buna görə də Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndində nəzərdə tutulmuş hüququnuzdan istifadə edərək bu işin araşdırılması üçün müstəqil istintaq komissiyası yaratmağınızı Sizdən xahiş etmişdim. Mənim bildiyimə görə o vaxt Siz belə bir komissiya yaradılmasına göstəriş vermişdiniz. Lakin Qaralov vəzifəsində sui istifadə edərək Sizin göstərişinizə əməl etmək əvəzinə prosessual qanunvericilikdə nəzərdə tutulmayan və şəxsən özünə tabe olan "müstəqil" istintaq komissiyası yaratmışdır. Onun da fəaliyyətinin nəticəsi göz qabağındadır, cinayətkarları məsuliyyətə cəlb etmək əvəzinə, zərərcəkmişi təhdid etməklə məşguldur.

İndi isə prokurorluğun bəyanatında səslənmiş bir neçə məqama münasibət bildirmək istəyirəm. Həmin bəyanatda göstərilir ki, Vaqif Hüseynə "verilmiş pul vəsaitinin korrupsiya cinayətinin predmeti olduğundan E.Abdullayev zərərçəkmiş şəxs qismində tanınmamış, onun barəsində rüşvət verməyə cəhd etməsi faktı üzrə CM-nin 29, 312.2-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılaraq istintaqın davam etdirilməsi uüçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilərək Azərbaycan Beynəlxalq Universitetində yol verilmiş korrupsiya faktları ilə bağlı aparılan cinayət işinə birləşdirilmişdir".

Bu bəyanatı oxuyanda adamın aqlına birinci gələn odur ki, onu hazırlayanların qanunlardan ümumiyyətlə xəbəri yoxdur. Çünki qanundan xəbərləri olsaydı ən azı CM-nin 312-ci maddəsinin qeydindən məlumatları olmalı idi. Həmin qeyddə yazılıb ki, "rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir". Prokurorluğa gözəl məlumdur ki, məndən bütün hallarda rüşvət hədə qorxu tətbiq etmək nəticəsində alınmışdır. Məni qardaşım Mahir Abdullayevi öldürəcəkləri ilə, universiteti əlimdən alacaqları və bağlatdıracaqları ilə təhdid ediblər. Əgər belə təhdidlər olmasaydı, mənim başım xarab olmamışdı ki, öz əlimlə aparıb kiməsə pul verim. İkincisi, mən özüm könüllü olaraq müvafiq dövlət orqanlarına verdiyim pullar barəsində məlumat vermişəm, əlimdə olan sübut və dəlilləri şəxsən və ya hüquq müdafiəçilərinin, qanuni nümayəndələrimin vasitəsi ilə həmin orqanlara çatdırmışam. Konkret olaraq Vaqif Hüseynə verilən pul onun vasitəsi ilə Elçin Əfəndiyevə çatmalı idi. Axırıncı isə bu pulu Prezident Administrasiyasının müdiri Ramiz Mehdiyevə verməli idi. Bu da Vaqif Hüseynlə bizim aramızdakı danışıqların videogörüntülərində öz əksini tapıb. Ramiz Mehdiyev hər vasitə ilə ABU-nu ələ keçirmək istəyirdi, bunun üçün də müxtəlif şantaj vasitələrinə əl atırdı. Məsələn, Ramiz Mehdiyevin adı ilə gəlib məni təhdid edirdilər ki, pul verməsən ABU-nu bağlayacayıq, ABU-nun binasını metro Tağı sökəcəkdir. Məni təhdid edən zaman ABU qanuni fəaliyyət göstərirdi, deyirdilər ki, pulu verməsən səni də qardaşın Mahirin yanına göndərəcəyik, universitetin lisenziyası ləğv ediləcək. Prokurorluğun Bəyanatında göstərilir ki, "Vaqif Hüseyn cinayəti törədəndən sonra E.Abdullayevin ona qarşı edilən təzyiqləri nəticəsində sonuncuya vətəndaşlar Ənvər Əhmədovun, Əyyub Əzizovun və qeyrilərinin iştirakı ilə" pulun bir hissəsini 2010-cu ilin aprel ayında qaytarmış və sonra mənim adıma Kiprdə bir obyekti rəsmiləşdirmişdir. "İstintaq zamanı V.Hüseynin həmin cinayəti tək törətməsi təkzibolunmaz sübutlarla təsdiq edilmişdir". Mən Vaqif Hüseynin məndən aldığı pulun müqabilində görəcəyi işin onun səlahiyyətləri xaricində olmasını bilməyəcək qədər ağılsız deyiləm. Çünki mən təhsil sistemində uzun müddət çalışan və Azərbaycanın reallıqlarını sözdən yox həyat təcrübəmdən bilən bir adam kimi gözəl başa düşürdüm ki, mənə zərbə haradan gəlir və bu məsələni kim həll edə bilər. Baş prokuror yumurta biznesinin incəliklərini nə qədər bilirsə, mən də Azərbaycanda təhsil sisteminin incəliklərini bir o qədər bilirəm. Vaqif Hüseyn məndən aldığı pulu kimə verməsi barədə mənimlə danışığında ətraflı göstərib mən də onun dediklərinin həqiqət olmasına inanıram. Prokurorluq da bu məsələni gözəl bilir, amma həmin adamların üzərinə gedə bilmir. Məhz onları gizlətmək məqsədi ilə də bəyanatda Vaqif Hüseyn pulu mənə qaytaran vaxt onun yanında olan şəxslərin hamısının adını sadalamır. Belə ki, pulu mənə qaytaranda orda Elçin Əfəndiyevin qudası, qızının qaynatası Məmmədov Eldar Qəzənfər oğlu iştirak edirdi. Mən Vaqif Hüseynlə olan danışığımızın videokassetini Eldar Məmmədovun vasitəsi ilə Elçin Əfəndiyevə göndərdikdən və MTN-ə rəsmi şikayət edəndən sonra Vaqif Hüseyn aldığı pulları geri qaytarmağa razılaşdı. Buna qədər onlar məni müxtəlif vasitələrlə təhdid edirdilər ki, pulumu geri istəməyim. Bəyanatın bir hissəsi ilə razıyam ki, Vaqif Hüseyn məndən aldığı pulların müəyyən məbləğini qaytarmışdır, hətta mənim bildiyimə görə o özündən yuxarıda oturanlara verdiyi pulu geri ala bilmədiyindən bunu öz vəsaiti hesabına etməyə məcbur olmuşdur, mən də bunları nəzərə alaraq MİK-ə ərizə yazıb vermişəm ki, Vaqif Hüseyndən şikayətim yoxdur.

Möhtərəm cənab Prezident!

Mən bir daha xahiş edirəm ki, qardaşım Mahir Abdullayevin barəsində olan cinayət işinin araşdırılması, Azərbaycanda adam oğurluğu ilə məşğul olan və bu fəaliyyətində dövlətin gücündən və resurslarından istitfadə edən mütəşəkkil cinayətkar dəstənin ifşa edilməsi məqsədi ilə həqiqətən Müstəqil olan İstintaq Komissiyası yaradılmasına sərəncam verəsiniz. Əgər belə bir komisssiya yaradılacaqsa və mənim şəxsi toxunulmazlığıma və həyatıma Sizin tərəfinizdən təminat veriləcəksə mən Azərbaycana qayıtmağa və istintaqa istənilən köməyi etməyə hazıram. Bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, mənim sərəncamımda olan videomaterialların ictimailəşməsinin respublikamızın imicinə vurduğu ziyanın fövqündəyəm və şəxsən mən onların ictimailəşməsinin əleyhinə olmuşam. İndiyə kimi video görüntülər yalnız bir məqsədlə yayılıb, mən qardaşım Mahir Abdullayevin oğurlanmasında bu və ya başqa formada əli olan, bu cinayətdən məlumatı olan şəxsləri ifşa etmək məqsədi güdmüşəm və bu yolla obyektiv istintaq aparılmasına nail olmağa çalışmışam, eyni zamanda özümün və ailə üzvlərimin şəxsi toxunulmazlığını təmin etmək istəmişəm. Kimsə prokurorluğun bəyanatı ilə məni susduracağını güman edirsə çox səhv edir, mən qardaşıma qarşı törədilmiş cinayətin açılması üçün axıra qədər mübarizə aparacam və heç kim məni bu yoldan çəkindirə bilməyəcək. Eyni

zamanda bəzi dövlət məmurlarının və YAP rəsmilərinin açıqlaması belə nəticəyə gəlməyə əsas verir ki, ətrafınızda olan bəzi qüvvələr məni müxtəlif vasitələrlə qalan vieomaterialları yaymağa təhrik edirlər. Mən şəxsən bu videoların yayılmasını istəməsəm də mənə qarşı təzyiq və təqiblər davam edəcəksə onları yaymağa məcbur olacam.

P.S. Müraciətimin Sizə çatacağına əmin olmaq üçün onu KİV-lərə göndərmək məcburiyyətindəyəm və müraciətə Az`rbaycan Respublkası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı polkovnik Rəsul Rəsulova videodiskləri təqdim etməyimi əks etdirən videogöüntülərdən bir fraqmentini əlavə edirəm.
Hörmətlə,

İmza: hüquq professoru Elşad Abdullayev
Fransa, Paris