Arif Hacılı: «Hakimiyyət tələbləri yerinə yetirməlidir»

12 Mart 2013 15:20 (UTC+04:00)
"Hər bir Azərbaycan vətəndaşının, hər bir siyasətçinin, hər bir partiya sədrinin ölkə ərazisində sərbəst hərəkət hüququ var. Sərbəst hərəkat hüququnun məhdudlaşdırılması, siyasi xadimlərin, müxalifət nümayəndələrinin ictimaiyyətlə görüşlərinə imkan verilməməsi insan haqlarının kobud şəkildə pozulması deməkdir".

Bu fikirləri Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı AzNews.az-ın sualına cavabında deyib. Seçki ərəfəsində respublikanın bütün rayonlarına səfər planlaşdırdıqlarını söyləyən Müsavat funksioneri regionlara səfər zamanı üzləşdikləri maneənin sıravi sakinlərlə heç bir aidiyyatı olmadığını vurğulayıb:

"Bizin səfərimizin baş tutmamasında vətəndaşların adının hallandırılması gülüncdür. Seçki ərəfəsində də həmişə belə problemlərlə qarşılaşırıq. Hakimiyyət dairələri, hakimiyyət ideoloqları bir tərəfdən müxalifəti xalqdan ayrı düşməkdə ittiham edir, digər tərəfdən isə hətta təşkilati, struktur fəaliyyəti ilə əlaqədar işlərdə də bizə maneçilik törədir, xalqla keçirilən görüşlərin qarşısını alır. Bu günlərdə "AF" oteldə ATƏT-in keçirdiyi tədbirə basqın edilməsi, adamların saxlanması ölkədə olan tam qanunsuz və hüquqsuz bir şəraiti təsdiq edən əlavə bir sübutdur. Əgər hakimiyyət beynəlxalq təşkilatların, ATƏT kimi nüfuzlu bir qurumun burada bir seminar keğirməsinə belə dözümsüz yanaşırsa, onda Azərbaycandakı vəziyyətin mahiyyətinin dərk olunması üçün əlavə informasiyalar toplanması lazım gəlmir".

Paytaxtda keçirilən son aksiyaların "şou" adlandırılmasına gəldikdə A.Hacılı bildirib ki, Azərbaycanda dövlət maraqları ilə öz şəxsi maraqlarını, ailə maraqlarını dəyişik salan hakimiyyət mövcuddur: "Ona görə də bu maraqlara cavab verməyən hansısa bir hərəkət hakimiyyət tərəfindən dövlət maraqlarına zidd olan hərəkət kimi qiymətləndirilir. Sərbəst toplaşma hüququ insanların fundamental, prioritet hüquqlarından biridir. Amma faktiki olaraq Azərbaycanda sərbəst toplaşmaq hüququ ləğv edilib. Indi də insanların dinc aksiyaları başlanar-başlanmaz həmin əraziyə su şırnaqlı maşınlarla, rezin güllələrlə hücum edilir. Halbuki insanlara dağılışmaq təklif olunmalı, onlara fikirlərini səsləndirmək üçün müəyyən vaxt verilməlidir. Ancaq hakimiyyət öz vətəndaşlarına qarşı çox amansız davranır".
Buna baxmayaraq ölkədə vəziyyətin dəyişdiyini bildirən A.Hacılının fikrincə, bu gün Azərbaycan gerçəkliyini dəyişdirmək uğrunda mübarizə aparan ciddi bir gənclik yetişməkdədir: "Düşünürəm ki, bu gənclər çox yaxın zamanlarda Azərbaycanda ciddi siyasi hərəkatın başlanmasına təkan verəcəklər. Hakimiyyət bu məsələlər barədə düşünməli və ölkədə qarşıdurma şəraitinin güclənməməsi naminə tələb edənləri susdurmaq deyil, tələbləri yerinə yetirmək xətti götürməlidir. Əks halda, həqiqətən də Azərbaycanın dövlət maraqlarına, milli maraqlarına ziyan vuran hadisələr qaçılmaz olacaq".

Gültəkin
AzNews.az