Quduzluq xəstəliyinin kökü kəsiləcək - Nazirlikdən açıqlama (Foto)

6 Aprel 2018 20:36 (UTC+04:00)

AzNews.az xəbər verir ki, aprelin 6-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (KTN DBNX) Avropa İttifaqının dəstəyi ilə "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində DBNX-ə dəstək" adlı Tvinninq layihəsi çərçivəsində Avropa İttifaqının ekspertləri tərəfindən hazırlanan “Azərbaycan Respublikasında quduzluq xəstəliyinin aradan qaldırılmasına dair uzunmüddətli fəaliyyət planı”nın müzakirəsinə dair aidiyyəti nazirliklərin iştirakı ilə konfrans keçirilib.

Konfransda Tvinninq layihəsini həyata keçirən Fransa Respublikasının Kənd Təsərrüfatı, Balıqçılıq və Meşəçilik Nazirliyinin, Macarıstan Milli Qida Təhlükəsizliyi Ofisinin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin, Kənd Təsərrüfatı, Səhiyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Maliyyə nazirliklərinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Ovçular Cəmiyyətinin, Canlı Aləmin Mühafizəsi Təşkilatının və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan KTN DBNX-nin rəisi Azər Süleymanov tvinninq layihəsinin həyata keçirilməsinin əsas məqsədlərindən danışıb. Həmçinin A.Süleymanov Azərbaycanda quduzluq xəstəliyinin aradan qaldırılması istiqamətində KTN-in Səhiyyə Nazirliyi və digər aidiyyətı qurumlarla (Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi) birgə çalışdıqlarını bildirdi və qeyd etdi ki, respublikamızda quduzluğun kökünün kəsilməsi üzrə Avropa İttifaqının ekspertləri və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri ilə birgə “2018-2022-ci illərdə Azərbaycan Respublikasında quduzluq xəstəliyinə qarşı mübarizə üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında Quduzluq xəstəliyinin aradan qaldırılmasına dair uzunmüddətli Fəaliyyət Planı(2018-2022)”nın ilkin layihəsi hazırlanıb. Həmçinin qeyd etmişdir ki, konfransda Avropa İttifaqının ekspertləri tərəfindən hazırlanan uzunmüddətli Fəaliyyət Planının həyata keçirilməsi üçün hesablanmış təqribi büdcə vəsaiti barədə məlumat veriləcəkdir.

Konfransda DBXN-in sektor müdiri Ceyhun Əliyev “Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyinin epidemioloji vəziyyəti (2011-2017)”, Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının Epidemiologiya sektorunun əməkdaşı Kamran Əfəndiyev “Azərbaycanda insanlar arasında quduzluq xəstəliyinin epidemioloji vəziyyəti (2011-2017)” barədə məlumat verib..

Daha sonra konfransda Avropa İttifaqının ekspertləri-Macarıstan Milli Qida Təhlükəsizliyi Ofisinin (NEBİH) epidemiologiya şöbəsinin müdiri Melinda Koşiç və Quduzluq üzrə BEB-in, Aİ-nın Fransada yerləşən Referens Laboratoriyasının (Anses) müdiri Florans Klike “Azərbaycan Respublikasında quduzluq xəstəliyinin aradan qaldırılmasına dair uzunmüddətli fəaliyyət planının əsas xüsusiyyətləri” “Azərbaycan Respublikasında quduzluq xəstəliyinin aradan qaldırılmasına dair uzunmüddətli fəaliyyət planının təqribi büdcəsi” barədə təqdimatlar ediblər. Həmçinin fəaliyyət planının həyata keçirilməsi barədə konfrans və aidiyyəti qurumların nümayəndələri ilə işçi qaydada müzakirələr aparılıb.

Konfransda çıxış edənlər bildiriblər ki, hər bir nazirliyin, qeyri-hökumət təşkilatların və aidiyyəti qurumların quduzluq xəstəliyinin kökünün kəsilməsi üzrə fəaliyyət planında yaxından iştirak etmələri çox vacibdir. Layihə çərçivəsində aparılacaq tədbirlərin nəticəsi olaraq Azərbaycanda insanlar və heyvanlar üçün təhlükəli olan quduzluq xəstəliyi tədricən azalacaq, kökü kəsilərək insanların sağlamlığı təmin ediləcəkdir.

Tədbirin sonunda konfrans iştirakçıları ilə səmərəli müzakirələr aparılıb, quduzluq xəstəliyinin qarşısının alınması sahəsində qabaqcıl ölkələrin təcrübələri barədə ekspertlər tərəfindən məlumatlar verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.