Bakı-Naxçıvan aviareysi təxirə salınıb - Quşa görə (Yenilənib)

8 Aprel 2018 22:00 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildiriblər.

Hava limanından aldığımız məlumata görə, təyyarə saat 20:50-də səmaya qalxıb.

Qeyd edək ki, bir qədər əvvəl Bakıdan Naxçıvana uçan təyyarə quş ilə toqquşması səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıdıb.

Təyyarə uğurla yerə enib. Sərnişinlərin digər təyyarə ilə yola salınması barədə qərar verilib və digər təyyarə uçuşa hazırlanıb.

***

Bakı-Naxçıvan aviareysi təxirə salınıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bunu "Azərbaycan HavaYolları" QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.

P.Kəsəmənskinin sözlərinə görə, aviareysin təxirə salınmasına təyyarənin havaya qalxarkən quş ilə toqquşması səbəb olub.

“Səmaya qalxarkən quş ilə toqquşan hava laynerinin kapitanı qərar verib ki, təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına geri dönsün. Təyyarə yerə uğurla enib. Hazırda Naxçıvana uçacaq digər təyyarənin hazırlıq işləri aparılır. Sərnişinlər növbəti reys ilə Naxçıvana yola salınacaq. Ləngimə çox olmayacaq”, - deyə P.Kəsəmənski vurğulayıb.

P.Kəsəmənski onu da əlavə edib ki, hazırda geri dönən təyyarəyə texniki heyət baxış keçirir.