Sovet məkanında anti-Rusiya koalisiyası?...

9 Aprel 2018 09:06 (UTC+04:00)

Burada Baltik ölkələrini qeyd etməyəcəyik, hərçənd, keçmiş sovet məkanında anti - Rusiya koalisiyası deyəndə dərhal onlar yada düşür.

Baltik ölkələri artıq tarix baxımından da özlərini sovet məkanına aid etmirlər. Onlara qarşı Qərbin də münasibəti əzəldən xüsusi olub və indi onları başqalarından fərqli olaraq sözdə yox, əməldə Avropanın ayrılmaz hissəsi sayırlar. Elə bu yaxınlarda ABŞ prezidenti üç Baltik ölkəsinin liderlərini Ağ Evdə qəbul etdi və təkrar göründü ki, Qərb onların təhlükəsizliklə bağlı çabalarına və narahatlıqlarına yetərincə diqqətlidir.

Deməli, rusların “düşmən”lərini azca başqa səmtdə, tutaq ki, GUAM ölkələri arasında axtarmaq lazım gəlir. Bəli, söhbət Ukrayna, Moldova və Gürcüstandan gedir.

Deyilənə görə, Kiyev artıq 13 rus diplomatını ölkədən qovub. Moldova da 3 rus diplomatını qovacağını bildirib, baxmayaraq ki, rusiyayönümlü prezident İ.Dodon bunun əleyhinədir.

Amma ona fikir verən yoxdur, çünki elə yaxınlarda moldovalılar “Bizə belə prezident lazım deyil!” şüarları ilə küçəyə çıxmışdılar. Yeri gəlmişkən, bir məsələni də qeyd edək ki, ölkədə Rumıniyayla birləşmək haqqında çağırışlar getdikcə daha çox eşidilməkdədir...

Gürcüstan da bir rus diplomatını qovmağa qərarlıdır. Əslində Tbilisidə heç bir Rusiya səfirliyi yoxdur və rusların buradakı diplomatik missiyası İsveçrə səfirliyində “Rusiyanın maraqları seksiyası” kimi təmsil olunub.

Diqqətli oxucu haqlı olaraq deyər ki, bu, lap kampaniya oldu ki! Tamamilə düzdür və heç kim də bunu gizlətmir. On illərdir ki, Rusiya hamıya qarşı qarşı kampaniya aparıb, indi də hamı ona qarşı birləşəməyə israrlıdır...

İki detalı da qeyd etmək istərdik. Belarusla da Rusiyanın münasibətləri rəvan deyil. Britaniya ilə Rusiyanın münasibətlərinin ən kəskin vaxtında Belarusun xarici işlər naziri Londona, müavini də səhv etmiriksə, ABŞ-a yollandı. Bəli, demək olardı ki, həmin səfərlər əvvəldən planlaşdırılmışdı. Amma Belarus da Ermənistan kimi Kremlin dilsiz – ağızsız nökəri olsaydı bu səfərləri ləğv edər, ya da təxirə salardı. Amma etmədilər...

Mərkəzi Asiyadan da xoş xəbərlər gəlmir. Təhlilçilər diqqəti N.Nazarbayevin bu yaxınlardakı ABŞ səfərinə yönəldirlər. Səfərdən sonra Nazarbayev Mərkəzi Asiya ölkələrinin bir toplantısını keçirdi və həmin toplantıya Moskvanın nümayəndəsini dəvət etməyi “unutdu”. Bəli, son vaxtlar Mərkəzi Asiya liderlərinin yaddaşları ilə bağlı ciddi “problem”lər yaranıb, onlar tez - tez Kremlin adamlarını tədbirlərinə dəvət etməyi “unudurlar”...

Bəs bunlardan hansı nəticə çıxır? O nəticə alınır ki, MDB və Avrasiya İttifaqı çökür. Ukrayna MDB-nin təsisçilərindən biri (2005-ci ildən assosiativ üzv idi!) olsa da, artıq formatdan tamam uzaqlaşıb. Gürcüstan rəsmi şəkildə qurumu hələ bir neçə il əvvəl tərk edib. Moldova da indi nəinki anti - MDB, anti -Rusiya, hətta rusofobiyanın ən yüksək bir həddə olduğu ölkələrdəndir...

Deməli, qalır Ermənistan. O da yalnız ona görə ki, özünün sərsəm planlarının əsirinə çevrilib, hələ də düşünürlər ki, Kreml onlara Cənubi Qafqazda “Böyük Ermənistan” qurmaqda yardımçı olacaq.

Bəs niyə belə oldu? Əslində belə də olmalı idi. Dəfələrlə demişik ki, Rusiyanın böyük geosiyasi və geoiqtisadi layihələrin mühərriyi olmaq və “dost”larına nəsə real bir şey təklif etmək imkanı yoxdur. İkincisi, Rusiyanın ətrafındakı dövlətlərin özləri də Moskva ilə siyasi, iqtisadi və hərbi inteqrasiyanın dərinləşməsində maraqlı deyillər, çünki bunun onları hara çəkib aparacağının fərqindədirlər.

Üçüncüsü, MDB çox qəribə qurumdur – bura potensial və real düşmənlərin “dostluq” klubudur. Burada hamı biri-birilə vuruşur və bütün bunların başında Kreml dayanır. Sonra da deyirlər ki, gəlin MDB-yə və KTMT-ə üzv olun ki, sizi qoruyaq! Ölkələrdə də sual yaranır ki, axı bizi kimdən qorumaq istəyirsiniz? Bizi əslində Rusiyadan qorumaq lazımdır!..

Altı keçmiş sovet ölkəsi bunları açıq şəkildə, bütün beynəlxalq tədbirlərdə deyirlər. Qalanlar isə hələ bunu etməyə cəsarət etmirlər. Amma vaxt gələcək, onların da dili açılacaq...

Hüseynbala Səlimov

AzNews.az