AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizin Belçikadakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 48 saylı seçki məntəqəsində Azərbaycan Respublikası Prezidenti seçkilərinə səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
Şəffaf və ədalətli seçki üçün yüksək şəraitin yaradıldığı məntəqədə Belçikada yaşayan və seçki günü bu ölkədə ezamiyyətdə olan çoxsaylı Azərbaycan vətəndaşları azad və sərbəst şəkildə səs veriblər.
Səsvermə prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.
Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar İsveçrə Konfederasiyasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub. 17 saylı Yasamal üçüncü seçki dairəsinin 42 saylı seçki məntəqəsində səsvermə prosesi seçicilərin fəallığı şəraitində keçib.
Səsvermə Azərbaycan Respublikası Konstitusiyası, Seçki Məcəlləsi və bu sahədəki digər qanunvericilik aktlarına uyğun keçirilib.
Azərbaycanın Berndəki səfirliyində yaradılmış seçki məntəqəsində səfirlik əməkdaşları ilə yanaşı, ölkəmizin Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri və SOCAR-ın bu ölkədəki nümayəndəliyinin əməkdaşları, İsveçrədə və həmçinin Lixtenşteyn Knyazlığında yaşayan və ya ezamiyyətdə olan, seçki hüququna malik Azərbaycan vətəndaşları səs veriblər.