Ödənişsiz hüquqi yardıın konsepsiyası müzakirədə

13 Mart 2013 12:36 (UTC+04:00)


Tədbirdə Azərbaycan Hüquqşunasları Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli, Amerika Beynəlxalq İnkişaf Agentliyinin Demokratiya və İdarəçilik ofisinin Direktoru Ronald Glass, Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov iştirak edib. Çıxışçılar ödənişsiz hüquqi yardımın göstərilməsi ilə bağlı problemin olduğunu qeyd edib və ödənişsiz hüquqi yardımın keyfiyyətinin artırılması, qanunvericilik bazasının yaradılması zəruriliyi vurğulanıb.

Azərbaycan Hüquq İslahatları Mərkəzinin İdarə Heyətinin üzvü Mehman Sultanov çıxışında İşçi Qrupunun formalaşdırılmasının hansı zərurətdən yarandığı və məqsədi barədə məlumat verib.
Sultanov bildirib ki, belə bir qanunun qəbulu ideyasının müəllifi olaraq AHİM hüquqi yardım işinin vəziyyətinin araşdırılması istiqamətində fəaliyyətə başlayıb. Buna səbəb isə ölkəmizdə vəkilliklə, hüquqi yardımın göstərilməsi ilə bağlı obyektiv problemlərin, xüsusilə vəkillərin sayının azlığı, gənc hüquqşünasların bu sahəyə meyillərinin qismən aşağı olması idi. Həmçinin, ölkə başçısının 2008-ci ildə imzaladığı "2008-2015-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" və digər bənzər sənədlərdə aztəminatlı şəxslərə hüquqi yardımın göstərilməsinin vacibliyinin vurğulanması idi. Çoxsaylı görüşlərin nəticəsi olaraq "Ödənişsiz hüquqi yardım haqqında" qanun və Konsepsiya layihəsi hazırlanıb.
Qanun layihəsində aztəminatlı və əhalinin sosial cəhətdən həssas qruplarının ödənişsiz hüquqi yardıma çıxış imkanları müəyyən edilib.
Qeyd olunmalıdır ki, layihə, ölkəmizdə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib və sənədlərin beynəlxalq ekspertizası məqsədi ilə ingilis dilinə tərcüməsi həmin təşkilatlar tərəfindən həyata keçirilib.

Elnarə
AzNews.az