Televiziyalar internet mediasına niyə uduzdu?

13 Mart 2013 13:10 (UTC+04:00)

Elxan SALAHOV

"İndiyə kimi hardaydınız? Ermənistan kanalının gəlib burda çəkiliş aparmasına razıyam, ANS-in yox. Vahid Mustafayev başda olmaqla, ANS-in şərəfli qələm əhlinin hamısı satılıb..."

"Bu gün Azərbaycanda "facebook təhlükəsi" var. Mən bunu görürəm və hesab edirəm ki, seçkilər zamanı bizi bir sıra xoş olmayan hadisələr gözləyə bilər. Bu kampaniyada xaricdə oturan soydaşlarımız, erməni lobbisi və Azərbaycandakı radikal müxalifət iştirak edir. Mən hesab edirəm ki, müvafiq qurumlar indidən bu barədə düşünməlidirlər".

Birinci sitat martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində 9 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılan "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya məxsusdur. Məhkəmənin sonuncu iclası başlanmazdan əvvəl telekanalın müxbiri ilə aralarındakı mübahisədə baş redaktor ANS-in əməkdaşının zaldan çıxarılmasına nail olub.

Bu, təkcə Əvəz Zeynallının ANS-ə münasibəti deyil, həm də ilk müstəqil televiziya kimi adı tarixə düşmüş bir telekanalın ictimai nüfuzunu itirməsinin göstəricisidir. Mövcud olduğu 21 illik dövrün ANS üçün nə qədər keşməkeşli, əzablı və qaynar keçdiyini hamı bilir. Amma nə qədər çətin olsa belə, dəqiq və qərəzsiz xəbər axtarışında olan, azad sözə hər an ehtiyac duyan Azərbaycan cəmiyyəti, sadə insanlar bütün dövrlərdə və mərhələlərdə ANS-in yanında oldu, mənəvi dəstəyini əsirgəmədi. Di gəl ki, bu etimad sona qədər özünü doğrultmadı, dəmir barmaqlıqlar arasında ürəyindəki sözünü mərdi-mərdanə demək gücündə olan Əvəz Zeynallı kimi minlərlə tamaşaçısının qarşısında azadlıqda dili-ağzı qıfıllanmış kimi göründü ANS.

Qayıdaq ikinci sitatın açmasına: iqtidaryönlü Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı "Azərbaycanda "facebook təhlükəsi" var" deməklə özünü əngələ salıb. Adam martın 10-da əsgər ölümlərinə etiraz aksiyasına toplaşanların sayının çoxluğundan şoka düşüb və deyir ki, "facebook" hesabına minlərlə insanın küçələrə çıxması artıq təhlükənin real olduğunu göstərir. Ardınca da özünü sığortalayır: "Mən hansısa aksiyanın əleyhinə deyiləm. Amma məsələ burasındadır ki, bu aksiyalardan başqa məqsədlər üçün istifadə oluna bilər".

Millət vəkili bununla hökuməti sosial şəbəkələrə nəzarəti gücləndirməyə, hətta bağlamağa çağırır. Amma hamı kimi, Fəzail müəllim də bilməmiş deyil ki, "facebook"u bağlamaq çağırışları həm beynəlxalq hüquq normalarına, həm də Azərbaycanın özünün dövlət siyasətinə ziddir. Ən azı ilk milli peykini orbitə buraxan bir ölkənin "facebook"u, sosial şəbəkələri qadağan etməsi məntiqli görünmür. Üstəlik Fəzail müəllim bilmirmi ki, Azərbaycan cəmiyyətində gerçək informasiya məkanına çevrilən sosial şəbəkələri bağlamaq problemin həlli yolu deyil? Bilir. Yaxşı bilir ki, belə bir təhlükə varsa, onu yalnız televiziyaların müstəqilliyini tanıyıb gerçək və qərəzsiz informasiyaları yaya bilməsinə şərait yaratmaqla aradan qaldırmaq olar. Nə qədər ki, televiziyalara belə bir sərbəstlik verilməyib sosial şəbəkələr, internet mediası proseslərin önündə olacaq, hamı həqiqi və dəqiq xəbərləri telekanallardan yox, internet mediasından gözləyəcək. Elə buna görədir ki, Azərbaycanda televiziyaların reytinqi gündən-günə aşağı düşür, internet mediası telekanalları kölgədə qoyur.

İndi Azərbaycan teleməkanında ANS başda olmaqla bütün telekanallar öz tamaşaçılarının gözündə xəbər yayıcısından daha çox, özəl şirkət kimi görünür. Azərbaycan tamaşaçısı bu sırada ANS-i ona görə fərqləndirir ki, o özündən sonra bütün ölkə ərazisində yayımlanan 5 yeni müstəqil telekanalın yaradılmasına yol açıb. Amma bu televiziya öz müstəqilliyini sonadək qoruya, necə deyərlər yalnız xəbərə işləmək missiyasının öhdəsindən gələ bilmədi. Zatən, bu, mövcud şərtlər altında hər kəsin bacara biləcəyi iş də deyil. Həmişə qaynar xəbərləri ilə tamaşaçılarının rəğbətini qazanan ANS-in xəbər qazanı qaynamır indi.

İndi internet mediasının, sosial şəbəkələrin qazanı qaynayır.
İndi musavat.com, lent.az, APA, aznews.az. qafqazinfo.az, mediaforum.az televiziyalardan daha populyardır, operativ, dəqiq, etibarlı və qərəzsizdir.