“Keşlə” və “Neftçi” qələbə qazanıblar

12 Aprel 2018 21:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ilk oyunda “Keşlə” komandası “İnter Arena”da “Səbail” klubunu qəbul edib. Matç ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. “Keşlə”nin heyətində Sezar Meza Kolli matçın əsas vaxtına əlavə edilən hissənin 2-ci dəqiqəsində komandasına qələbə qazandıran topu rəqib qapısından keçirib – 1:0.

Digər oyunda “Qəbələ” doğma meydanda “Neftçi”yə 1:2 hesabı ilə məğlub olub. “Neftçi” 29-cu dəqiqədə Lukas Qomezin qolu ilə hesabı açıb. İlk hissənin sonunda - 44-cü dəqiqə Namiq Ələsgərov hesab arasındakı fərqi artırıb – 0:2.

Qəbələlilər yalnız oyunun əsas vaxtına əlavə edilmiş hissənin 1-ci dəqiqəsində Stiven Monrozun qolu ilə hesab arasındakı fərqi azaltmağa nail ola biliblər.

Beləliklə, “Keşlə” və “Neftçi” futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın ilk mərhələsində qələbə qazanmaqla cavab qarşılaşmaları üçün sərfəli nəticə əldə ediblər.