Bunun adı biabırçılıqdır...

14 Aprel 2018 17:37 (UTC+04:00)

Bu gün müxalifət düşərgəsi özünün növbəti mitinq şousunu göstərdi. Onsuz da bundan öncəki mitinqləri dağıdıcı müxalifətin iflas etdiyini ortaya qoymuşdu. Hər kəs gördü ki, bu düşərgənin “lider”lərinin mitinqdən əvvəl sosial şəbəkələrdə pafoslu çıxışlarının, çağırışlarının heç bir effekti olmadı. Yəni nüxalifətçilik adı altında şər-böhtanı, “qara piar”ı həyat tərzinə çevirən AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin, Müsavat Partiyasının başqanı Arif Hacılının məkrli planları, yalançı vədləri heç bir işə yaramadı.

Bir sözlə, beş-on nəfər qohum-əqrabanın, dost-tanışın iştirakı ilə keçirilən, yarımçıq bir məzhəkəli tamaşanı xatırladan bu mitinqlər heç bir sosial bazası olmayan dağıdıcı müxalifətin tamamilə iflas etdiyini açıq-aşkar göstərdi. Bugünkü mitinqə isə gözlənildiyindən fərqli olaraq əvvəlkilərdən də az adam qatıldı. Cəmi min nəfər, onun da 300-ü 15 dəqiqədən sonra stadionu tərk etdi. Deməli, artıq öz sıralarında olanların da bu radikallara inam-etibarı qalmayıb. Artıq ətraflarında olan 1000-1500 nəfər də yavaş-yavaş hər şeyi anlayır və yalanlara, böhtanlara doyaraq müxalifəti tərk edir.

Saat 15:00-a təyin olunan mitinqdən düz 55 dəqiqə keçdi, amma “lidelər” hələ stadiona gəlməmişdi. Niyə? Çünki stadionun dörddə biri belə dolmamışdı, “bəlkə gəldilər” deyə gözləyirdilər. Özü də stadiona yaxın park edilmiş avtomobildə, narahat halda…

Əlqərəz, AXCP sədri Əli Kərimli 16:00 radələrində iştirakçıları salamladı. Çıxışı zamanı tez-tez saatına baxması da diqqətdən yayınmadı. Bu anda onun daxili hisslərini başa düşmək elə də çətin deyildi: “Saat 5-ə işləyir, görəsən, yenə gələn olacaqm;?...”. Bunun adı sadəcə olaraq BİABRÇILIQdır! Özünə hörmət edən heç bir müxalifət lideri bundan sonra hər hansı bir mitinq keçirmək xülyasına düşməz…

Mahiyyət etibarilə də bugünkü mitinq əvvəlkilərdən heç nə ilə fərqlənmədi. Yenə də eyni bəhanələr, eyni şüarlar və böhtanlar. Sadəcə olaraq, bu dəfə çeynədikləri saqqız özlərinə “şirin” gəldi. Çünki Azərbaycan iki gün öncə tarixi bir hadisəni – prezident seçkilərini çox uğurla, demokratik və şəffaf formada həyata keçirdi. Təbii ki, hələ öncədən seçkidə iştirakdan imtina edən radikal müxalifətin bunu gözü götürməsi, həzm etməsi mümkün deyildi. Odur ki, özlərinə xas şəkildə müxtəlif bəhanələrlə seçki prosesinə qara yaxmağa çalışdılar. Bu arada, onlarla eyni məqsədi bölüşən, eyni mərama xidmət edən Avropa Şurası və ATƏT təsisatlarının müşahidə misiyalarının, xüsusən də Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkidən sonrakı ilkin saxta bəyanatları radikalların ürəyinə yağ kimi yayıldı. Dərdlərinə dərmanmış kimi, bunu dayanmadan ötdülər. Daha fərqində belə olmadılar ki, onsuz da bu təşkilatlar seçkiləri müşahidə etməsəydi belə, yenə həmin bəyanatı verəcəkdilər. Çünki onlar əvvəlcədən hazırlanmış hesabatla Azəraycana gəlmişdilər. Bu, birinci hal deyildi. Həmin təşkilatların, xüsusən də sözügedən büronun həmişə ermənipərəst mövqeyi və antiazərbaycançı dairələrin sifarişini yerinə yetirdiyi heç kimə sirr deyil. Beləcə bu qurumların ermənipərəst dairələrin sifarişi ilə Azərbaycana qarşı hücumlarının dağıdıcı müxalifət və onun nəzarətində olan mətbuat orqanları tərəfindən dəstəklənməsi bir daha onların anti-milli mahiyyətini göstərdi.

Əslində, reallığı radikal müxalifət liderləri və onların tərəfdarları da çox yaxşı dərk edirlər. Yaxşı bilirlər ki, onlara nə hakimiyyət, nə də milli maraqlar lazımdır. O zaman məqsəd nədir? Elektaratının olmadığını dərk edərək seçkidə iştirakdan belə min cür bəhanə ilə yayınan müxalifət bəs nə istəyir? Bu sualın cavabı çoxdan bəllidir – ölkənin əldə etdiyi siyasi-iqtisadi uğurlara kölgə salmaq, sabitliyi pozmaq, hətta çevriliş etmək xülyası və ən nəhayət şəxsi ambissiya. Bu sonuncuya görə, radikal müxalifət bütün milli maraqları belə tapdamaqdan çəkinmir. “Tırka”nı isə qərbdəki ermənipərəst, antiazərbaycançı qüvvələr verir. Belə olduğu təqdirdə, xalq, kütlə necə inansın bunlara?

Ümumilikdə, müxalifətin sağlam formada mitinq keçirməyinə heç kimin iradı və ya etirazı yoxdur. Nə qədər istəsələr, toplaşıb ürəklərini boşalda bilərlər. Çünki onlar demokratik dəyərlərə kifayət qədər hörmətlə yanaşan bir ölkədə yaşayırlar. Mitinq keçirmək, sərbəst toplaşmaq hər bir siyasi partiyanın hüququdur. Amma şübhə yoxdur ki, bugünkü radikal düşərgəni nə hakimiyyət, nə də dövlət maraqlandırır. Sadəcə, hər fürsətdə bir şou yaratmaqla havadarları qarşısındakı öhdəlikləri tamamlamaq və bunun qarşılığında başlarını dolandırmaqdır…

Elgün Mənsimov
AzNews.az