Prezident seçkiləri bitdi və...

16 Aprel 2018 10:41 (UTC+04:00)

Düzdür, ATƏT-in hazırladığı hesabat bir azacıq qanqaraçılığı yaratdı, amma mühüm olanı budur ki, Avropanın əsas strukturlarının rəhbərlərinin hamısı İlham Əliyevi təkrar prezident seçilməsi münasibətilə təbrik etdi ki, bunu da nəticə etibarilə son seçkilərə sayğı və hörmətin əlaməti və təsdiqi kimi qəbul etmək olar.

İndi son prosesdurlar başa çatandan sonra ölkə də, onun siyasi isteblişmenti də gündəlik iş ritminə qayıdacaq. Əslində bu ritmdə hər hansı fasilə də baş verməmişdi: prezidentdən tutmuş ən adi məmurlara qədər hamı öz işilə məşğul idi.

Amma hər yeni seçki bütün hallarda yeni dönəmin başlanğıcıdır, ona görə ki, seçki vaxtı insanların dediklərinə diqqət kəsiləndə, namizədlərin hansı problemləri aktuallaşdırdığını izləyəndə, istər-istəməz cəmiyyəti və xüsusən də onun siyasi və ictimai cəhətdən fəal kəsimini hansı sualların narahat etdiyi haqda qənaət əldə edə bilirsən.

Növbəti yeddi ildən nə kimi gözləntilər var?

Duyulanı budur ki, əksəriyyət ölkədə daha çevik bir hökumət kabinetinin formalaşmasında, mövcud kabinetin cavanlaşmasında maraqlı görünür.

Bura sözsüz ki, iqtisadiyyatda şəffaflığın artırılmasını, korrupsiyaya qarşı mübarizənin daha da kəskinləşdirilməsini əlavə etmək olar. Əslinə qalsa, bu sahədə xeyli iş görülüb və indi də görülməkdədir – ASAN xidmət layihəsi, məmurlarla vətəndaşların təmaslarını azaldan elektron hökumət istiqamətində görülən işlər buna bariz nümunədir.

Amma problemlər də qalır. Məsələn, heç cür başa düşmək olmur, necə olur ki, Ermənistan kimi axmaq və rəzil ölkədə 70-dən artıq rəsmi milyonçu olduğu halda, Azərbaycanda bunların hətta bir nəfəri belə yoxdur?

Məgər iqtisadi şəffaflıq, xüsusən də leqal işgüzar təbəqənin formalaşması istisadi islahatların uğurunun əsas göstəricilərindən biri deyilmi? Ermənsitanın iqtisadiyyatı heç bir parametr üzrə Azərbaycanın iqtisadiyyatı ilə müqayisə olunmaq iqtidarında deyil. Amma müəyyən parametrlər var ki, onlar Azərbaycanın iqtisadi göstəricilərində daha qabarıq və nəzərə çarpan olmalı halda, əksinə olur. Sanki makroiqtisadi göstərcilərlə ölkənin real sosial-iqtisadi mənzərəsi arasında bir təzad var.

Əvvəldə dedik ki, mühüm problemlərdən biri korrupsiyadır. Təbii, bu neqativ hal təkcə Azərbaycan üçün xarakterik deyildir. Məsələn, çox maraqlı haldır ki, Avropa Birliyilə daha dərin inteqrasiyaya getmiş əski sosialist ölkələrində, o cümlədən, bu qurumla “Assosiasiya sazişi” imzalamış bir neçə keçmiş MDB ölkəsində də problem ciddi bir şəkildə yaşanmaqda və milli iqtisadiyyatlara öz neqativ təsirini göstərməkdədir.

Misal üçün deyək ki, Avropa Birliyi daim korrupsiya ilə bağlı Ukraynaya və Moldovaya iradlar bildirir, hətta xəbərdarlıqlar edir. Bəli, düşünmək olardı ki, AB ilə daha dərin institusional əlaqələr qurmuş bu ölkələrdə korrupsiyanın səviyyəsi hiss olunacaq dərəcədə azalacaqdır.

Amma belə deyil və hətta bu misallar da bir daha göstərir ki, korrupsiya problemi düşünüldüyündən də qəliz məsələdir.

Fəqət, burada bir ciddi nüans var. Müqayisəli politologiyanın banilərindən sayılan Zbiqnev Bjezinski yazırdı ki, korrupsiya müəyyən dövlətləri idarə etmək üçün ən yaxşı vasitədir...

Buradan belə nəticəyə gəlmək olar ki, problem təkcə sosial-iqtisadi məzmun kəsb etmir, o, həm də milli təhlükəsizlik və hətta milli təhlükəsizliyə təhdid məsələsidir. Xüsusən də nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə aparan ölkədir. Belə bir hal isə bizdən daha sayıq olmağı tələb edir.

Üstəlik, bu, həm də ictimai-siyasi mədəniyyət məsələsidir. Ölkə nə qədər varlı, təmtəraqlı olsa belə, adı korrupsiyanın üstünlük təşkil etdiyi ölkələrin sırasında hallananda istər-istəməz münasibət dəyişir, ona qarşı neqativ yanaşma formalaşır və insanlar belə ölkələrə az qala, əski, feodal məkan kimi yanaşmağa başlayırlar.
İqtisadiyyatda şəffaflığın artırılmasında, o cümlədən də korrupsiyaya qarşı mübarizədə mühüm amillərdən biri də siyasi islahatlardır, çünki ilk növbədə ictimai nəzarət bu amillərə təsir edən ən əsas faktorlardan biri, bəlkə də birincisidir.

Təbii, biz bununla inzibati mexanizmlərin rolunu kiçiltmək məqsədi güdmürük, inzibati metodlar həmişə qalacaq, amma onlar da iqtisadi və siyasi islahatlarla tamamlananda daha effektiv olurlar. Nəzərə almaq lazımdır ki, prezident şəxsən özü də daim siyasi islahatların vacibliyini və ictimai nəzarətin rolunu qeyd edir.

Elə bu yaxınlarda İlham Əliyev bir daha siyasi islahatların nə qədər vacib olmasından danışdı və bir daha belə təsəvvür yarandı ki, hakimiyyət özü də bu məsələdə olduqca maraqlıdır. Amma bunun ən effektiv yolu medianın, parlamentin və məhkəmələrin müstəqilliyinin artırılması, onlara daha geniş səlahiyyətlər verilməsidir.

Bir jurnalist kimi dəfələrlə şahidi olmuşuq ki, media hansısa bir məmurla və ya dövlət institutu ilə bağlı problemlərdən yazır. Əvvəlcə buna böyük təpki göstərilir, məmurlar, ayrı-ayrı idarələr jurnalistləri təqib etməyə, cəmiyyətə çatdırılan informasiyaları tamam inkar etməyə çalışırlar.

Müəyyən bir müddətdən sonra jurnalistlərin, ayrı-ayrı KİV-lərin qaldırdığı məsələlər təsdiqini tapır və hər dəfə media əhlində haqlı bir məyusluq yaranır; onlar deyirlər ki, axı neçə il bundan əvvəl biz bunları yazır, deyir və göstərirdik...

Ona görə də iqtisadiyyatda şəffaflığı artırmaq, korrupsiyanı cilovlamaq üçün mediaya və ictimai sektora daha diqqətlə yanaşmaq lazımdır. Eləcə də haqq-ədalət üçün çarpışan hər bir məmur, problemlər qaldıran hər bir millət vəkili bilməlidir ki, belə fəalyyətlərin koordinasiya olunmasına və onların ictimailəşməsinə qısqanclıqla yanaşmaq lazım deyil. Çünki bütün dünyada ən ciddi sanksiyalardan biri də ictimai rəydir...

Hüseynbala Səlimov
AzNews.az