Artur Rasizadəyə mükafat verildi

13 Mart 2013 17:38 (UTC+04:00)



AzNews.az-ın AzərTAc-a istinadən məlumatına görə, Artur Rasizadə Qəbələ şəhərində Beynəlxalq konfransın yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb. Baş nazir Fövqəladə Hallar Nazirliyinin (FHN) 2005-ci ildən fəaliyyət göstərdiyini qeyd edib. A.Rasizadə Azərbaycanın fövqəladə hallar riskinin yüksək olduğu bölgədə yerləşdiyini bildirib. Burada təbii risklərlə yanaşı, potensial təhlükə yaradan obyektlərin də mövcud olduğunu deyən Baş nazir FHN-in bir çox nüfuzlu beynəlxalq təşkilat və xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq etdiyini bildirmişdir. Baş verən fəlakətlərlə bağlı FHN tərəfindən ölkədə bir sıra tədbirlərin həyata keçirildiyini vurğulayan A.Rasizadə bu istiqamətdə işlərin davam etdirildiyini, həmçinin bu sahədəki təcrübənin digər ölkələrlə də bölüşməyin vacibliyini deyib.

Azərbaycanın iqtisadi inkişafı barədə qonaqlara ətraflı məlumat verən Baş nazir A.Rasizadə ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Artur Rasizadə bildirib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız öz yurd- yuvalarından qovulmuş, işğal altındakı ərazilərdə mədəniyyət abidələri və infrastruktur tamamilə dağıdılıb.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleybi konfransın Azərbaycanda təşkilinə yaradılan yüksək şəraitə görə minnətdarlığını bildirmişdir. O, qeyd etmişdir ki, bu konfrans beynəlxalq təşkilatın tarixində dönüş nöqtəsi olacaq və üzv dövlətlərin səylərinin birləşdirilməsinə öz töhfəsini verəcəkdir. Baş katib Azərbaycanın bütün sahələrdə inkişaf etdiyini bildirmiş, ölkəmizin mülki müdafiə sahəsində də bir çox nailiyyətlər qazandığını qeyd etmişdir. Azərbaycanın humanitar sahədə bir çox uğurlara imza atdığını bildirən Nəvaf əl-Sleybi xalqımıza əmin-amanlıq və firavanlıq arzulayıb.

Sonda konfrans iştirakçıları adından Azərbaycanın Baş naziri Artur Rasizadəyə mükafat təqdim olunub.