Siyasi mütrüflük və ya İlqar Altayın “qaşıq” axtarışı...

16 Aprel 2018 14:59 (UTC+04:00)

E.Quliyev İ.Altayı Avropaya gedən kimi 180 dərəcə dəyişilməkdə, saxta demokrata çevrilməkdə ittiham edib. Statusunda ağır təhqirlərdən belə çəkinməyən kinorejissor hesab edir ki, bu, İlqar Altayın növbəti hoqqabazlığıdır. Onun sözlərinə görə, bir neçə il, hətta bir neçə ay bundan əvvəl İlqar Altay adlı birisi sosial şəbəkələrdə ardıcıl yazılar paylaşır, sponsor hesabına və reklam vasitəsilə yaydığı statuslarda o, aşkar şəkildə ölkənin demokratik düşərgəsini hədəfə alırdı:

"Bəzən hətta, ağız bahəm edib, etik yazı üslubunu görməzdən gəlir, sağa-sola təhqiramiz ittihamlar səsləndirirdi... Amma indi nə baş verdisə, bu sifarişli yazılar müəllifi 180 dərəcə dəyişdi - özü də qəfildən. Hansı transformasiya, hansı dirijor çubuğunun hərəkətiyləsə, bu “adam” bircə andaca dönüb oldu... qatı müxalifətçi, haqq-ədalət carçısı, demokratik mücadiə fədaisi və s.(?!) Bu nə metamorfoza, nə xamelyonluqdu belə?.. Heç Stanislavskinin “perevoplaşeniya” məktəbinin ən istedadlı aktyoru da bu sürətlə dəyişə, özgələşə bilməzdi. Adətən siyasi mütrüflük edən bu sayaq çirkli xislətli adamlara vicdan casusu deyirlər. Burada qeyd etməliyəm ki, İlqar Altayın cəlbedici qələmi var və o, çox zaman öz mahiyyətini, daha dəqiqi içinin hikkə və irinini ustalıqla gizlətməyi bacarır. Təəssüf ki, dostlardan bəziləri də onun bu fəndgirliyinə uyaraq, üzr istəyirəm, eşşək dağlanan yerlə kababçı kafesini səhv salırlar...”

Eldəniz Quliyev yazır ki, İ.Altay Azərbaycanda olanda özünü, sözün əsl mənasında fərə kimi aparıb. Hazırda isə o, Avropadadır və özünü xoruz kimi aparır:

“Nə xəbərdi, nolub ki?.. Ümumiyyətlə, İlqar və onun kimi məxluqlar, ““filan şey” yeyənin qaşığı belində olar” məsəlini yaxşı əxz ediblər. Odur ki, qaşıqlarını hardasa salıb itirəndə çox pəjmürdə olurlar. Görünən dağa bələdçi lazım deyil - bu gün İ.Altay, Azərbaycanda vicdanı ilə bir yerdə itirdiyi “filan şey yediyi” qaşığını indi Avropada axtarır. Və elə bilir, yaxud ümid edir ki, öz keçmiş suçli-siçovullu statuslarını silib də “maxrovıy” müxalif yazılar yazmaqla, ölkə iqtidarını aşağılayıb onun ünvanına ikibaşlı atmacalar atmaqla, arada da Rauf Arifoğlunu söyməklə,yaxud son Prezident seçkilərini dolamaqla öz mahiyyətini gizlədəcək. Əsla! Səmimiyyəti ört-basdır eləmək mümkün olmadığı kimi, qeyri-səmimiyyəti və riyakarlığı da gizlətmək mümkün deyil".

E.Quliyev həmçinin iddia edir ki, İlqar Altay, hakimiyyətə qarşı xaricdə çıxışlar edən qrupların içinə xüsusi xidmət orqanları tərəfindən atılmış casusdur:

“Bəlkə də indi kimlərsə məni qınayacaq ki, “adam haqq yola gəlib, doğrunu yazır, mübarizə sıralarımıza qoşulur, kəskin mövqe nümayiş etdirir, hökuməti söyür” və s. deyib, iradlar bildirəcək. Əlbəttə, bu iradları qəbul edib razılaşa bilərəm. Çünki buna bənzər hadisə və kazuslar dəfələrlə olub, yəqin bundan sonra da olacaq... Amma bir şərtlə. Və bu da ondan ibarətdir ki, İlqar Altay gərək tövbə eləsin... Yox, heç tövbə də lazım deyil; çünki “tövbə”adlandırdığımız bu ağır məsuliyyəti vicdanlı və yüksək ləyaqət hissi olan insanlar daşıya bilər. Bu, İlqarlıq deyil. Qoy o, etiraf etsin. Etiraf etsin ki, bəli, mən Azərbaycanda yaşayarkən, yazıb-yaradarkən çox böyük səhvlər etmişəm, belimdəki qaşıqla “filan şey” yemişəm. Kimlərinsə sifarişiylə “yazan kukla” olmuşam, siyasi mütrüflük etmişəm. Qorxmuşam, tamahım güc gəlib. Keçin günahımdan, bir də heç vədə belə qələtlər etməyəcəm. Hə, bax belə olacağı təqdirdə, bu mütəqəlqəl məsələ haqqında düşünmək olar; o da, “Onu bağışlamaq olarmı?” filmini yada sala bilsək. Vəssalam!”.

AzNews.az