Təkcə Ermənistan “get” demir...

17 Aprel 2018 09:18 (UTC+04:00)

Burada anlaşılmayan yalnız bir məqam var. S.Sarkisyan məqsədinə addım – addım gedirdi. Əvvəl ölkənin siyasi modelini dəyişmək və onu parlament respublikasına çevirmək ideyası gündəmə gəldi. Daha sonra bu, özünün konstitusiyada ifadəsini tapdı. Bunun ardınca hakim partiya parlamentdə səs çoxluğu qazandı və nəhayət, Armen Sarkisyan oyuncaq prezident olmağa razılaşdı. Prosesin davamı olaraq S.Sarkisyanın da baş nazir postuna namizədliyi rəsmən irəli sürüldü...

Bütün bunları niyə sadalayırıq? Bu proseslərin hər bir həlqəsində müxalifət öz gücünü göstərə bilərdi, amma bu, olmadı, sadəcə, seyrək aksiyalar və bir də xaotik, kiçik ictimai etirazlar müşahidə olundu.

Təbii ki, siyasi etirazlar elə bir məsələdir ki, onlar bir an içində belə geniş vüsət ala bilər. Amma Ermənistanda bunun baş verməsi üçün ən azı iki əsas amil təmin olunmalıdır: Qərbdəki erməni lobbisi və Kreml S.Sarkisyanın arxasından çəkilməlidir. Hələlik isə bunlar görmürük...

Sarkisyanın siyasi səhnədən getməsi sözsüz, bir neçə səbəbdən əlamətdar olardı. Gəl, bizi bunun Ermənistanın daxili həyatı üçün hansı nəticələrə gətirib çıxarması elə də maraqlandırmır.

L.Ter–Petrosyanın istefasından, daha doğrusu, istefaya göndərilməsindən sonra ali dövlət hakimiyyətini ələ keçirmiş kriminal Dağlıq Qarabağ siyasi klanı təkcə ölkənin özünü dalana gətirib çıxarmayıb, neçə illərdir ki, Dağlıq Qarabağla bağlı danışıqlar da dalandadır.

Təbii ki, apriori olaraq düşünmək olar ki, S.Sarkisyan istefa verərsə, onun yerinə gələn adam daha konstruktiv olacaq – bu, bir qədər tələsik nəticə olardı və ən azı hələlik belə ehtimallar çün ciddi əsaslar yoxdur.

Amma hakimiyyət Qarabağ klanının əlindən alınarsa və Sarkisyanı Moskvadan daha az asılı olan bir adam əvəz edərsə, ən azı bunun üçün siyasi və diplomatik platforma yarana bilər.

L.Ter-Petrosyanın özünün də Qarabağ probleminin indiki səviyyəyə gəlib çatmasında rolu heç də az olmamışdı, yada salmaq yetər ki, bu gün Ermənistanın nəzarətində olan bütün Azərbaycan torpaqları məhz bu adamın hakimiyyəti dövründə işğal olunmuşdu.

Amma Petrosyan əyalət adamı və siyasi quldur deyildi, regionda və dünyada baş verən prosesləri yetərincə anlayan şəxs idi. Ona görə də başa düşdü ki, Dağlıq Qarabağ problemi həll olunmayınca Ermənistanı heç bir perspektiv gözləmir. Bu problemi həll etmək üçünsə Azərbaycanla danışmaq, müəyyən güzəştlərə getmək və daha praqmatik, realist siyasət yürütmək lazımdır.

Beləcə, Dağlıq Qarabağ probleminin dinc–siyasi və diplomatik yolla həlli prosesinndə çox azsaylı, unikal şanslardan birinin reallaşması üçün yaxşı fürsət yaranmışdı. Amma Kremlin işarəsi ilə Dağlıq Qarabağ siyasi klanı L.Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırdı və bununla da Ermənistan üçün də, Azərbaycan üçün də real bir imkan itirildi.

Hətta sonrakı dövrdə -R.Koçaryanın hakimiyyəti dövründə daha bir imkan yaranmışdı, Azərbaycan rəhbərliyi və diplomatiyası onu danışığa və barışa razı sala bilmişdi. Amma yenə də Kremlin işarəsilə hər şey bir günün içində pozuldu...

Bunları yada salanda görürsən ki, S.Sarksiyanın dövrü yeganə dövr oldu ki, bu intervalda Ermənistan Qarabağ müzakirələrində heç bir konstruktivlik nümayiş etdirmədi. İndi də bu adam ömürlük hakimiyyətə can atır. Bu isə o, deməkdir ki, gələcəkdə də Kremldən hansı siqnal gəlsə, Sarksiyan onu da edəcəkdir. Kremldən isə konstruktiv bir siqnalın daxil olacağına qəti ümidli deyilik...

O ki qaldı günün əsas məsələsinə, müxalifətin Sarkisyana mane olub-olmayacağına, bu gün çox məsələlərə aydınlıq gəlməlidir – məhz aprelin 17 - də baş nazir məsələsi parlamentdə həll olunmalıdır.

İlk baxışda problem yoxdur. Parlamentdə çoxluq Serjikin əlindədir. Bu səbəbdən də müxalifətçilər parlamentdə hətta fişəng yandıra bilər, amma bu, onların mandatlarının sayını artırmayacaq.

“Sarkisyan məsələsi” həll olunsa, yalnız və yalnız parlamentdən kənarda, küçə və meydanlarda həll oluna bilər. Bir daha deyirik ki, parlamentdə çoxluq onun tərəfindədir və hətta Sarkisyan baş nazir olmaq fikrindən vaz keçsə belə, hakimiyyət yenə də onun partiyasının əlində olacaq.

Ona görə də yalnız küçə və meydan mübarizəsi və bir də ki, növbədənkənar parlament seçkisi tələbi Serj Sarkisyanın planlarını puç edə bilər. Olacaqmı? Gözləyək, görək, nə olur? Amma bir məsələ tamam aydındır; bu günlərdə ya Ermənistan məyus olmalıdır, ya da Sarkisyan, ən azı ona görə ki, ölkə olaraq daha Ermənistan da tab gətirmək gücündə deyil, gündən-günə çökür, gündən–günə daha dözülməz olur...

Hüseynbala Səlimov