Əli Əhmədovdan “Facebook” açıqlaması

14 Mart 2013 12:56 (UTC+04:00)


Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov millət vəkili Fəzail Ağamalının Azərbaycanda "Facebook" sosial şəbəkəsinin məhdudlaşdırılması ilə bağlı fikirlərinə münasibət bildirib.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, millət vəkili Fəzail Ağamalının sözləri fərqli başa düşülüb.

Onun sözlərinə görə, Azərbaycanda nə internet resurslarının, nə də "Facebook" sosial şəbəkəsinin qadağan olunması gündəmdə deyil. O, Azərbaycan vətəndaşlarının internet resurslarından sərbəst istifadəsi üçün hər cür şəraitin yaradıldığını bildirib.

Qeyd edək ki, bir müddət öncə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı sosial şəbəkədə dövlət əleyhinə fikirlərin səsləndirilməsi, kütləvi aksiyalar çağırışların olmasını əsas gətirərək "Facebook"a girişin məhdudlaşdırılması təklif edib.

AzNews.az