1 yaşlı uşaq yanaraq ölüb

14 Mart 2013 13:19 (UTC+04:00)



Zərdab Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 13:30 radələrində rayonun Bəyimli kəndində Qəbələ sakini, fermer Əzizov Nazim Sıracəddin oğluna məxsus mal-qaranın təsərrüfatının qışlaq yatağında qeydə alınıb. Qışlaq yatağında qamışdan tikilmiş, ümumi sahəsi 115 kvadratmetr olan 5 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı həmin evdə yaşayan çoban, Zərdabın Gödəkqolu kənd sakini Ramiz Növruzovun azyaşlı övladı, 2012-ci il təvəllüdlü Lalə Novruzova yanaraq dünyasını dəyişib. Hazırda yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

AzNews.az