Azərbaycanı Ermənistanla müqayisə etməyin yalnız bir adı var...

24 Aprel 2018 17:35 (UTC+04:00)

Əslində, işğalçı ölkədə baş verənlər əvvəlcədən gözlənilirdi. Çünki bu, bir reallıqdır ki, erməni əhalisi, xüsusən də gənclər artıq Sarkisyanın uçuruma sürüklədiyi Ermənistanda yaşamaqdan beziblər. Təkcə bir fakta diqqət edək: Ermənistanda sosial-iqtisadi vəziyyətin ağır olması insanları ölkəni tərk etməyə vadar edir. Kasıb ermənilər iş tapmaq, normal həyat tərzi yaşamaq üçün xaricə qaçırlar. Onların ən çox üz tutduqları ölkə isə Rusiya Federasiyasıdır. Ermənistanın Statistika Komitəsinin rəsmi məlumatına əsasən, ötən il 40 mindən çox erməni ölkəni tərk edib. 2016-cı ildə isə Ermənistandan köçənlərin sayı 38 min nəfər olub. Hər fürsətdə onlarla vətəndaş ölkədən qaçmağa çalışır. Serj Sarkisyan isə bu köçün yerini doldurmaq üçün Suriyada yaşayan ermənilərdən isfadə edir. Erməni mətbuatının yaydığı rəqəmlərə görə, Ermənistan hakimiyyəti 2012-2017-ci illər ərzində 19 500 Suriya ermənisinə vətəndaşlıq, 2 min nəfərə isə yaşamaq icazəsi verib. Serj Sarkisyan daha da irəli gedərək Suriya ermənilərinin bir hissəsini Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində məskunlaşdırıb. Təbii ki, Ermənistandan qaçan vətəndaşların sayı rəsmi statistikada göstəriləndən dəfələrlə çoxdur. Çünki S.Sarkisyan və onun korrupsioner, mafioz rejimi real vəziyyəti hər zaman xalqdan gizlətməyə çalışıb.

Daim qonşunun torpağına göz dikən, işğalçılıq siyasəti ilə özünü regiondakı mühüm layihələrdən təcrid edən Ermənistanın mövcud real mənzərəsi əslində belədir: iqtisadi tənəzzül, aclıq, səfalət, vətəndaşların öz gələcəklərinə və dövlətlərinə inamsızlığı...

Təbii haldır ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən ölkədə baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənilir. Bu ölkədə baş verənlər əli Xocalı sakinlərinin qanına batmış qatı cinayətkarın istefası baxımından qeyri-ixtiyari Azərbaycanda sevinclə qarşılanır. Amma təəssüflər olsun ki, radikal müxalifət nümayəndələri və Avropada yaşayan antimilli ünsürlər vəziyyətin analizində məcradan çıxır və hər vəchlə ölkə rəhbərliyini, eləcə də dövləti aşağılamağa çalşır, Azərbaycanı Ermənistanla müqayisə edirlər. Bütün sahələrdə Azərbaycandan qat-qat aşağıda, hətta dibdə olan Ermənistanın daxili və xarici siyasətini Azərbaycanla eyniləşdirirlər. Təbii ki, havadarlarının arzu və istəklərinə uyğun olaraq, məqsədləri ölkəni xaosa, qarışıqlığa sürükləməkdir...

Amma Azərbaycanda xalq hakimiyyətinin bərqərar olduğu, dövlətin xalq iradəsi əsasında idarə edildiyi artıq dəfələrlə sübut olunub. Çox uzağa getməyək, bu il Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdığını ortaya qoydu. Ermənistanda kütləvi etirazlar baş verdi. Onsuz da inkişafdan əsər-əlamət olmayan, tənəzzül, aclıq və səfalət hökm sürən, iqtisadiyyatı dağıdılmış, sabitliyi pozulmuş Ermənistanın hələ uzun müddət özünə gələ bilməyəcəyi aydındır. Azərbaycanda isə seçkinin nəticələri ilə bağlı ciddi bir narazılıq yaranmadı, Prezident İlham Əliyev böyük səs üstünlüyü ilə daha 7 il hakimiyyətdə qalmaq şansı əldə edərək yeni hökumət formalaşdırdı. Sözsüz ki, İlham Əliyev iqtidarının uzaqgörənliyi və qətiyyətli siyasi iradəsi olmasaydı, bu gün ölkənin inkişafı fərqli səmtdə ola bilərdi.

Üzaqgörən siyasəti ilə İlham Əliyev zaman-zaman anti-Azərbaycan çevrələrin ittihamlarına baxmayaraq, Azərbaycanı dünyada baş verən iqtisadi böhrandan və “inqilab eksperimentləri”ndən qorudu, ölkənin müstəqil qərarlar vermək hüququnu heç kimə güzəştə getmədi. Bir sözlə, ölkəni müxtəlif siyasi qütblərin təzyiqlərindən qorudu. Hətta Rusiya ilə strateji müttəfiqlik siyasətinə baxmayaraq, Azərbaycan Avrasiya İttifaqına üzv olmadı. Halbuki Rusiya Avropadan fərqli olaraq bu cür məsələlərdə açıq təzyiqlərə də əl atır.

Təbii ki, həmin müstəqil siyasətin nəticəsidir ki, hazırda Azərbaycan stabil, təhlükəsiz, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkədir. Azərbaycanda xarici siyasi qüvvələrin təhriki ilə küçələrə axışmağa, rəngli inqilablar etməyə maraqlı olan narazı kütlə yoxdur.

Bu gün Azərbaycan bölgənin və postsovet məkanının sabitlik adası kimi xarakterizə olunur. Ermənistan isə bölgənin ən geridəqalmış, ən xaotik ölkəsi kimi tanınır. Odur ki, bu işğalçı, aqressiv bir ölkəni Azərbaycanla eyniləşdirmək, orada yaşananların ölkəmizdə də baş verməsinə çalışmaq yalınz axmaqlıqdır. Bu axmaq xülyaya isə yalnız antimilli ünsürlər və düşmənlər düşə bilər.

Elgün
AzNews.az