Ali məktəblərə sənəd qəbulu yekunlaşır

27 Aprel 2018 10:27 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzindən AzNews.az-a verilən məlumata görə, ərizələrin qəbulu aprelin 30-dək davam edəcək.

Aprelin 27-si saat 09:30-dək olan məlumata əsasən, 78509 abituriyent elektron ərizəsini təsdiq edib.

Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlu­matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir.

Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda 2018-ci il mayın 17-dən iyunun 14-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/ erizebak /erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edirlər.