AŞPA-nın “hesabatı” anti-Azərbaycan, islamofob qrupların qurduğu növbəti oyundur

27 Aprel 2018 15:26 (UTC+04:00)

Bəli, təəssüflər olsun ki, AŞPA-nın ölkəmizlə bağlı son “hesabatı” təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. İkili standartlar, birinə nisbətən digərinə (və ya özünə) daha ciddi tətbiq edilən qayda və ya prinsipdir. İkili standartlar siyasəti eyni bir hərəkəti edən subyektlərin davranışına müxtəlif qiymət verilməsindən ibarətdir. Əgər hərəkəti edən onu qiymətləndirənə “yaxındırsa” loyal münasibət bildirilir, əksinə olanda isə qınaq və ittiham səslənir. Beynəlxalq münasibətlərdə o, adətən, “arzuolunmayanların” prinsipləri, konvensiyaları, öhdəlikləri pozmaqda ittiham edilməsi formasını alır. Məsələn, "ümumbəşəri dəyərlərin tapdalanması”, "insan haqlarının pozulması”, beynəlxalq hüquq normalarından geri çəkilmələr” və s. Amma bu qiyməti verənlərin özlərinin və ya müttəfiqlərinin analoji hərəkətlərinə isə heç bir məhəl qoyulmur.

AŞPA-nın korrupsiya “fakt”larına dair sözügedən “hesabatı” da məhz bu prinsiplərə əsalanır: Qərəz, qeyri-obyektivlik və yadlıq. Bəs Qərbin Azərbaycana qarşı bu qərəzi, münasibəti haradan qaynaqlanır, səbəb nədir?
Bir az düşünəndə məsələ tam şəkildə aydın olur. Məlumdur ki, bir çox hallarda Azərbaycan miqyasında olan dövlətlər hər hansı bir böyük dövlətin himayəsinə sığınır. Azərbaycan isə müstəqil inkişaf strategiyasına əsasən xalqımızın milli maraqlarını hər şeydən üstün tutaraq bütün dövlətlərlə normal münasibətlər qurub. Heç kəsdən, heç bir dövlətdən asılı olmaq niyyətində deyil. Elə hər şey də buradan qaynaqlanır. Çalışırlar ki, Azərbaycan da digər Qafqaz ölkələri kimi özlərindən asılı olsun. Amma Azərbaycan heç bir zaman buna getməyəcək!

Avropa Şurasının ölkəmizə münasibətdə sərgilədiyi qərəzli mövqe də məhz Azərbaycanın yürütdüyü müstəqil siyasətdən qaynaqlanır. Azərbaycan qısa zaman kəsiyində inkişaf etmiş, Avropa səviyyəsinə çatmış bir dövlətdir. Bunun özü də Qərbdə ölkəmizə münasibətdə qısqanclıq yaradır. Azərbaycan qısa müddət ərzində dünyada söz sahibinə çevrilib. Hətta bir türk dövləti olaraq iki il ərzində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub və ona sədrlik edib.

AŞPA-nın son “hesabatı” da məhz Qərbin anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyundur. Çünki bundan əvvəlki “hesabatlarda” da AŞPA monitorinqlərinin müxtəlif dairələrin mənafeyinə xidmət etdiyi və müstəqil dövlətlərə təzyiq məqsədi güddüyü heç kimə sirr deyil.

Budəfəki “hesabatda” isə Azərbaycan az qala öz qonaqpərvərliyinə görə korrupsiyada ittiham olunur. AŞPA-ya görə xarici neft şirkətlərinin tam leqal bonusları, Avropa ölkələrinə səfər edən nümayəndə heyətlərinə verilən qonaqlıqları, pulsuz otel, təyyarə və s. kimi məsələlər də korrupsiya əlaməti hesab edilməlidir?..

AŞPA-da Azərbaycanla qarşı ardıcıl şəkildə hücumlar bu təşkilatın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir. Qərbdəki bəzi dairələr öz eybəcərliklərini Azərbaycan nümunəsində qabartmağa və onu növbəti dəfə ittiham hədəfinə çevirməyə çalışırlar. Bir neçə il əvvəl qondarma “siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, bununla bağlı AŞPA-da aparılan müzakirələr, indi isə bədnam “hesabat” və digər məsələlər bunu isbatlayır.

O zaman 17 illik üzvlük dövründə beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar? Axı AŞPA kimi ikili standartlar, qarayaxma və ləkələmə nümunəsinin tüğyan etdiyi bir təşkilat Azərbaycanın nəyinə lazımdır?

Ona görə də düşünürəm ki, Azərbaycan AŞPA-ya üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir. Onsuz da Avropa Şurası hazırda nüfuzsuz bir qurumdur. Hər hansı bir prosesə təsir etmə mexanizmi yoxdur. Odur ki, Azərbaycan cəmiyyəti bu kimi Avropa təsisatlarının özünə qarşı ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcəkdir.

Elgün
AzNews.az