AzNews.az xəbər verir ki, bu sözləri Azərtac-a AŞPA-nın Azərbaycana qarşı qərəzli hesabatına münasibət bildirən siyasi şərhçi Azər Həsrət deyib.
“AŞPA-da Azərbaycanla bağlı bu cür tez-tələsik “hesabat” ortaya çıxarıb məhz belə bir məqamda müzakirə etməyin özü bizi ciddi düşündürür. Ona görə ki, Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda keçirilmiş prezident seçkilərinin hələ müzakirələri bitməmiş belə addım atmaqla, əslində, tələskənliyə yol verir. Ümumiyyətlə, bu məsələnin ajiotaj yaradacaq bir şəkildə ortaya atılması özü düşündürücüdür. Yəni, sanki məqsədli şəkildə, bilərəkdən, Azərbaycana qarşı hücum təşkil edilib. Tam əminliklə deyə bilərəm ki, bu “hesabat” anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyundur”, - deyə Azər Həsrət bildirib.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan Avropa Şurasının üzvüdür, AŞPA-da fəal iştirak edir. Amma bu məsələ dəfələrlə qaldırılıb ki, lazım olacağı təqdirdə Azərbaycan Avropa Şurası ilə münasibətlərə yenidən baxmaq hüququnu özündə saxlayır. Yəni, Avropa Şurasında müəyyən dairələr Azərbaycanın üzərinə belə gəlməyə davam edərlərsə, təbii ki, Azərbaycan bu qurumla münasibətlərinə yenidən baxmaq məcburiyyətində qalacaq. Azərbaycanın Avropa Şurası qarşısında müəyyən öhdəlikləri var və bu öhdəliklərə də əməl edir. AŞPA-nın isə “hesabatlar”ı tam qərəzlidir. Həmin “hesabatlar”da belə yazırlar: bizim görüşdüyümüz, ünsiyyətdə olduğumuz adamlar bu cür dedi və s. Yəni, göründüyü kimi bu “hesabatlar”dakı fikirlər, faktiki olaraq, heç bir mənbəyə əsaslanmır.
“Azərbaycan ictimaiyyəti bu cür qərəzli yanaşmadan çox narahatdır. Necə olur ki, Ermənistanda insan haqlarının kobud şəkildə pozulduğu haqda heç nə deyilmir, lakin Azərbaycanda bu cür sabitlik hökm sürə-sürə, belə bir inkişaf gedə-gedə özlərindən nələrisə uydurub üstümüzə gəlirlər?”, - deyə siyasi şərhçi əlavə edib.