“Eurovision-2013” təmsilçimiz bəlli oldu- VİDEO

14 Mart 2013 22:20 (UTC+04:00)


Lent.az-ın məlumatına görə, "Buta Palace"də keçirilən Milli Final gecəsində 10 finalçı öz performansını nümayiş etdiriblər. Onlar müsabiqədə yerli və ya əcnəbi bəstəkarlara məxsus olan bir yeni mahnı ifa ediblər. Mahnılar ilk dəfə final konsertində səsləndirilib. "Ədalət və Pərviz" instrumental qrupu, Çingiz Msutafayev və "Palmas" gitara qrupu çıxış edib. Daha sonra Azərbaycanın təmsil olunduğu və əldə etdiyi yüksək nəticələri göstərən 5 illik təmsilçiliyindən bəhs edən video-çarx nümayiş olunub. Bundan başqa 2011-ci ildə müsabiqədə qalib olan Eldar Qasımov və 2012-ci ildə Bakıda keçirilən yarışmada ölkəmizi təmsil edən Səbinə Babayeva çıxış edib. Səbinə müsabiqədə ifa etdiyi "When the music dies" mahnısını yenidən səsləndirib. Daha sonra əməkdar artist Tünzalə Ağayeva səhnəyə təşrif buyuraraq, öz ifasını tədim edib

Çıxışlardan sonra münsiflər heyəti müşavirəyə gediblər. Daha sonra qalibin adı açıqlanıb. Beləliklə, finala vəsiqə qazanan on finalçı arasından Fərid Məmmədov Azərbaycanı bu mötəbər müsabiqədə təmsil etmək hüququ qazanıb. O, may ayında İsveçin Malmö şəhərində keçiriləcək 58-ci "Eurovision" Mahnı Müsabiqəsinin ikinci yarımfinalında ikinci nömrə altında ölkəmizin adından çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan "Eurovision" Mahnı Müsabiqəsində 2008-ci ildən etibarən iştirak edir. Ölkəmizi müsabiqədə ilk dəfə olaraq Elnur Hüseynov və Samir Cavadzadə, 2009-cu ildə Aysel Teymurzadə və Araş, 2010-cu ildə Safura Əlizadə təmsil edib. 2011-ci ildə Eldar və Nigar qalib olaraq müsabiqəni ölkəmizə gətirib. 2012-ci ildə Bakıda keçirilən müsabiqədə ölkəmizi Səbinə Babayeva təmsil edib.