Tel-Aviv İrəvana “ayı xidməti” göstərir

15 Mart 2013 10:41 (UTC+04:00)
Elxan Şahinoğlu

Amerika Birləşmiş Ştatları və İsrail vətəndaşlarının qaydına çox qalırlar. Bu iki ölkə hər il siyahılar dərc edir. Həmin siyahılarda hansı ölkələrin səfərlər üçün təhlükəli olduğu vurğulanır və vətəndaşlarına adı çəkilən yerlərə getməmələri məsləhət bilinir.

Əlbəttə, Vaşinqtonla Tel-Avinin narahatlığı anlaşılandır. Çünki hər iki dövlət radikal silahlı qrupların hədəfindədir. Bu iki ölkənin vətəndaşları ara-sıra terrorun qurbanına çevrilirlər. Ancaq "Vaşinqtonun və Tel-Avivin siyahılarına Azərbaycanın adı niyə salınır" sualı ətrafında düşünməyə dəyər. Tel-Aviv bu məsələdə Vaşinqtondan da irəli gedib. ABŞ-ın siyahılarında Azərbaycanın adına ara-sıra rast gəlinirsə, İsrailin siyahılarında yerimiz "daimidir".

İsrailin vətəndaşlarını xarici ölkələrdə daima ehtiyatlı olmağa çağırarkən, təhlükəli ölkələr siyahısına daima Azərbaycanın adını salması bizə qəribə gələ bilər. İki ölkə arasında strateji münasibətlər var, qarşılıqlı səfərlər az deyil, bu ölkədən milyardlarla dollar silah alırıq, Tel-Avivə neft satırıq və bununla onun enerji təhlükəsizliyini təmin edirik. Digər tərəfdən israilli rəsmilərin özləri belə Azərbaycanı tolerant və antisemitizmin olmadığı tək-tük ölkələrdən sayırlar və Bakı ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyirlər.

Belə olan halda necə olur ki, Tel-Aviv daima strateji tərəfdaş saydığı Azərbaycanı vətəndaşları üçün təhlükəli ölkələr siyahısına salır? Cavab sadədir: İran. Qonşu ölkənin Azərbaycanda təsir imkanları və tərəfdarları az deyil. Bakıda və ətraf kəndlərdə İrana və onun siyasətinə rəğbət bəsləyənlər də günün reallığıdır. Digər tərəfdən İran ara-sıra bəzi vətəndaşlarımızı tora salaraq onları kəşfiyyat əməllərinə cəlb edə bilir. Bu kimi vətəndaşlarımızı öyrədərək xüsusi tapşırıqla Bakıya göndərirlər. Belələri bu illərdə azmı yaxalanıb? İsrail və ABŞ səfirliklərini partlatmaq istəyən qrupun Bakıda yaxalandığı uzaq keçmişin olayı deyil.

Görünür, bu təhlükə hələ də qalır. Yəni yaxalanan silahlı qrup varsa, ətrafda gəzişən və məlumat toplayan yaxalanmayan qrupun varlığından da sığortalanmamışıq. İranın öyrədib Bakıya göndərdiyi şəxslərin əsas hədəfi isə əvvəlkitək ya ABŞ, ya da İsrail səfirliyidir. Bir neçə gündən sonra Novruz bayramını qeyd edəcəyik və həmişəki kimi İrandan xeyli insan Azərbaycana axın edəcək. İsrailin bu amildən də çəkindiyini söyləmək olar. Hərçənd ki, indiyənə qədər Azərbaycanda Novruz bayramını qeyd edən on minlərlə İran vətəndaşı bizə problem yaratmadan sonradan sakitcə ölkələrinə qayıdıblar.

Hər bir ölkənin öz vətəndaşlarını təhlükələrdən qoruması təbiidir. Sadəcə, İsrailin bu siyasəti ilə bağlı bir başqa sual da var. Məsələn, əgər onlarda vətəndaşlarının üzləşə biləcəyi ciddi təhlükə haqqında məlumatları varsa, bunu Azərbaycanın müvafiq orqanlarıyla bölüşürlərmi? Çünki, İsrail Azərbaycanı vətəndaşları üçün təhlükəli ölkələr siyahısına saldıqda, rəsmi Bakı təəccübünü gizlətmir, Azərbaycan Daxili İşlər Nazirliyi və MTN bu haqda onlarda məlumat olmadığını vurğulayır. Yəni bu necə təhlükədirsə, Azərbaycanda ehtimal edilən hər hansı olaydan uzaq İsrailin xəbəri var, Azərbaycanın yerli orqanları isə xəbərsizdirlər? Əlbəttə, İsrailin Mossad kəşfiyyat xidmətinin gücü və imkanları danılmazdır, ancaq "bu qurum məlumatlarıyla azərbaycanlı tərəfdaşlarıyla paylaşmırmı" sualı da az aktual deyil.

Bir də İsrail hər dəfə Azərbaycanı təhlükəli ölkələr siyahısına saldıqda istər-istəməz ölkəmizin imicinə zərbə vurur ki, bundan da düşmənlərimiz istifadə edirlər. İsrailin siyahısında Müstəqil Dövlətlər Birliyi ölkələrindən yalnız Azərbaycanın adı çəkilməsi İrəvanın işinə yarayır. Erməni mətbuatı, saytları və dövlət ideologiyası Azərbaycanın xarici vətəndaşlar üçün təhlükəli yer olması siyahılarından öz məqsədləri üçün istifadə edirlər. Belə çıxır ki, Azərbaycanı strateji tərəfdaş adlandıran Tel-Aviv əslində bu siyahılarla Bakını pis vəziyyətdə qoyur.