Müstəntiqdən Gülər Əhmədovaya görüş qadağası
15 Mart 2013 11:30 (UTC+04:00)
Hazırda istintaq təcridxanasında saxlanılan keçmiş millət vəkili Gülər Əhmədovanın ailə üzvləri ilə görüşünə icazə verilmir. G. Əhmədovanın vəkili Ragif Mustafayev bununla bağlı AzNews.-a bildirib ki, G.Əhmədovanın həyat yoldaşı və övladları ilə görüşü mümkün olmayıb.
Görüşə razılığı, yəni icazəni işin istintaqını aparan müstəntiq verməli olduğu üçün müstəntiqə edilən müraciətə rədd cavabı alınıb: "Bununla bağlı müstəntiqə müraciət edilib, ancaq rədd cavabı alınıb. Buna görə də Gülər xanımın ailəsi ilə görüşü mümkün olmayıb".
Xatırladaq ki, bundan əvvəl G. Əhmədovanın xüsusən 8 yaşlı kiçik oğlu üçün narahatlıq keçirdiyi bildirilmişdi: "Təbii ki, 8 yaşlı uşaqdan daha çox narahatdır. Anadır axı".
R. Mustafayev Gülər Əhmədovanın Elşad Abdullayevin yaydığı videoların qanunsuz olması səbəbindən həmin videolarla bağlı ifadə verməyəcəyi fikrində qaldığını da vurğulayıb.
Elnarə Əlosmanqızı
AzNews.az