“Zaur Baxşəliyevin reklam etdiyi həkimlər dələduzdur, ölçü götürülməlidir” - Millət vəkili

3 May 2018 17:01 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev bildirib.

M.Quliyev deyib ki, bu məsələ ilə bağlı “Reklam haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlarda müvafiq müddəalar var:

“Qanunlarda olan tələblərə görə, tibbi və səhiyyə fəaliyyəti ilə bağlı olan bütün reklam və verilişlər Səhiyyə Nazirliyi ilə razılaşdırılaraq, onlar müəyyən etdiyi formada həyata keçirilməlidir. Çox təəssüf ki, bəzi şəxslər tərəfindən qanunun tələblərinə riayət olunmur. Buradan Milli Televiziya və Radio Şurasına (MTRŞ) çağırışım odur ki, Azərbaycan teleradio yayımı məkanında tibbi verilişlər və dərman reklamı ilə bağlı qanunların icrasına diqqət artırılsın, bu tələblər pozulduğu təqdirdə ciddi tədbirlər görülsün, ictimaiyyətə mütəmadi məlumatlar verilsin və sairə.

Həmin televiziya reklamlarının razılaşdırılıb-razılaşdırılmamasını öyrənmək üçün bu yaxınlarda Səhiyyə Nazirliyi ilə əlaqə saxlamışam. Nazirlikdən deyilir ki, heç bir razılaşdırılma aparılmır. Əlbəttə ki, belə olan halda özbaşınalıq və dələduzluq halları artacaq. Bunun nəticəsidir ki, heç bir savad və nüfuz sahibi olmayan insanlar efirə çıxıb özlərini “ən savadlı həkim” kimi təqdim etməyə çalışır, keyfiyyətsiz və saxta dərmanlar “ən yaxşı dərman” adı ilə reklam olunur. Nəticədə isə əhalimiz bunun əziyyətini çəkir. Hesab edirəm ki, MTRŞ bu sahəyə diqqətini artırmalıdır, nəzarətini gücləndirməlidir”.

Deputat ATV telekanalında yayımlanan və aparıcısı Zaur Baxşəliyevin olduğu “BizimləSən” verilişini də tənqid edib:

“Mən baxmıram, amma eşitmişəm ki, Zaur Baxşəliyevin aparıcısı olduğu verilişdə saxta dərmanlar və həkimlər reklam edilir, həkimləri çağırıb televiziyalarda müalicələr aparılır. Bütün bunlar qeyri-qanuni fəaliyyətlərdir. Həmin verilişdə reklam edilən əməliyyatlar əslində çox sadə tibbi əməliyyatlardır. O əməliyyatları istənilən ambulator poliklinika şəraitində hər həkim edə bilir. Pul qazanmaq xətrinə insanların sağlamlığı ilə oyun oynamaq olmaz. Ən azı bu mənəviyyatsızlıqdır. Görünür, buna qarşı müvafiq orqanlar da boşluqlara yol veriblər. Amma son vaxtlar Respublika Baş Prokurorluğunun bu sahədə apardığı araşdırmalar və bir qrup şəxsin ifşası özünü yalandan reaklam edən həkimlərə və bu cür verilişlərə dərs olmalıdır. Hesab edirəm ki, bu insanlar haqqında da çox ciddi ölçülür götürülməlidir. Çünki onlar vətəndaşların sağlamlığı hesabına pul qazanırlar. Bəzən həmin saxta dərmanları almaq üçün insanlar borc-xərc edib gedib onu alırlar. Əksər hallarda da həmin dərmanlar insanlara heç lazım olmur. Düzgün həkim məsləhətləri verilmədiyi üçün həmin insanlar gedib o dərmanları alırlar. Bu da çox böyük mənəviyyatsızlıqdır. Buna görə bu sahədə mübarizə tədbirləri gücləndirilməlidir. Vətəndaşlar da səhiyyə sahəsində maariflənməlidirlər. Daha vətəndaşlar “Zaurun verilişində filan həkim təriflənir, mən də onun yanına gedim” düşüncəsilə hərəkət etməli deyil. Ümumiyyətlə, vətəndaşlar bilsin ki, yaxşı malın heç zaman reklama ehtiyacı olmur. Reklam o zaman olur ki, o malın və yaxud həkimin müştərisi az olur. Sağlam reklama və rəqabətə üstünlük verməliyik”.