Vaşinqtonda üçüncü Trans-Xəzər Forumu keçiriləcək - Forum nə vəd edir? (Foto)

3 May 2018 20:19 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ Ticarət Palatasının baş ofisində keçiriləcək tədbir Birləşmiş Ştatların siyasət və biznes liderlərini və yeddi Trans-Xəzər dəhlizi ölkəsinin nümayəndələrini strateji tərəfdaşlığın artırılması və biznes, ticarət və investisiya imkanlarının müzakirəsi üçün bir araya gətirəcək.

Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri müstəqillik əldə etdikdən 25 il sonra öz infrastrukturlarını, iqtisadiyyatlarını və xalqlararası əlaqələrini daha da gücləndirmək üçün öz aralarındakı əməkdaşlığı inkişaf etdirməyə və bununla da müstəqilliklərini daha da gücləndirməyə çalışırlar. Qlobal arenada Rusiya və Çin kimi böyük oyunçulara marağın çoxaldığı bir vaxtda ABŞ-ın strateji imkanları da əhəmiyyətli dərəcədə artıb ki, bu da yeni imkanlar yaradır.

ABŞ regionda əməkdaşlığın və ticarətin gücləndirilməsi üçün Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Cənub Qaz Dəhlizi, Lapis-Lazuli nəqliyyat marşrutu və “C5 + 1” kimi birgə layihələr vasitəsilə bu dəhlizin inkişafında mühüm rol oynayır. Bu təşəbbüslərin Birləşmiş Ştatlar və dəhliz ölkələri arasında artan əməkdaşlığa töhfə verməsinə baxmayaraq, dəhlizin iş potensialı kifayət qədər istifadə olunmur və Avropa İttifaqı, Çinlə müqayisədə ABŞ ilə ticarət əhəmiyyətli dərəcədə geridə qalır.

Amerika Birləşmiş Ştatları Bakı-Tbilisi-Ceyhan neft boru xəttini və Cənub Qaz Dəhlizini dəstəkləyərək, Xəzər regionunda əlaqələr yaratmaq üçün həyata keçirilən layihələrdə əsas rol oynayıb. Lakin hazırda daha çox iş görmək mümkündür.

Xəzər Siyasət Mərkəzinin İdarə Heyətinin üzvü səfir Riçard Houqlənd deyib ki, Birləşmiş Ştatların bölgədə əməkdaşlığı inkişaf etdirməkdə daha güclü rol oynaması üçün vaxt yetişib. Mən şadam ki, Trans-Xəzər Forumu ABŞ-ın region ölkələrini gücləndirməkdə öz rolunu artırmaq üçün növbəti addımları və konkret tövsiyələri müəyyən etmək üçün hökumət rəsmilərini və biznes liderlərini bir araya gətirir.

Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov bildirib ki, Trans-Xəzər Forumu Azərbaycanın regionda ticarət, tranzit əlaqəliliyinin təmin edilməsində mərkəzi rolunu, xarici investisiyalar və ticarət üçün işgüzar dostluq mühitinin təqdim edilməsində potensialını vurğulamaq üçün başlıca platformadır.

Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti qeyd edib ki, biz Trans-Xəzər Forumu ilə yeni istiqamətləri araşdırmaq və yeni imkanları müəyyən etmək üçün Birləşmiş Ştatlar və Xəzər regionu ölkələrindən biznes liderlərini, xarici siyasət mütəxəssislərini və dövlət rəsmilərini bir araya gətirmək üçün platforma təqdim etməkdən məmnunluq duyuruq.

Foruma transcaspian@caspianpolicy.org ünvanı vasitəsilə qeydiyyatdan keçmək mümkündür. Forum haqqında əlavə məlumatı http://transcaspianforum.org/ səhifəsindən əldə etmək mümkündür.

Xəzər Siyasət Mərkəzi Vaşinqtonda yerləşən müstəqil, qeyri-kommersiya tədqiqat mərkəzidir. Xəzər regionunun iqtisadi, siyasi, enerji və təhlükəsizlik məsələləri Xəzər Siyasət Mərkəzinin əsas tədqiqat obyektini təşkil edir.