Milli Məclisdə ali məktəblərin Bakıdan çıxarılması təklif olundu

15 Mart 2013 12:44 (UTC+04:00)
Milli Məclisdə hökumətin ötən ilki fəaliyyəti ilə bağlı hesabatının müzakirəsi davam edir. Deputat Fuad Muradov Səbayel rayonunda üzləşdiyi problemləri sadalayıb:

"Bunlardan biri küçələrin işıqlandırılması ilə bağlıdır. Bayıl qəsəbəsində binalar tikilib, təmir olunub, ancaq işıqlanma olmadığına görə insanlar bunu yaxşı qiymətləndirə bilmirlər. Səbayel rayonunda qəza vəziyyətində olan binalar var. Dəfələrlə bununla bağlı müvafiq qurumlara müraciət etsək də, məsələ həllini tapmır. Bakı Şəhər İcra Hakimiyyəti deyir ki, büdcəmizdə pul yoxdur".

Deputat Xocalıdan olan və hər iki valideynlərini itirmiş uşaqlarla bağlı məsələyə də toxunub: "Onların sayı 25 nəfərdir. Artıq onlar uşaq deyillər, müəyyən problemləri var. Onların problemlərinin həllinə dəstək verilməsi vacibdir".

Deputat Mübariz Qurbanlı isə Bakıda sıxlığın aradan qaldırılması üçün regionların inkişafının zəruri olduğunu söyləyib: "Bakını yüklənməsinin qarşısını inzibati yollarla almaq, Bakıda yenidən pasport qeydiyyatı rejiminə qayıtmaq olmaz. Ona görə də regionların inkişafı proqramına uyğun olaraq bölgələrimizin inkişafına, orada sənaye mərkəzlərinin yaradılmasına nail olmalıyıq. Azərbaycanda ali məktəblərin çoxu regionlara köçürülməlidir".

Millət vəkili Zahid Oruc isə bu gün hökumətin hesabatının prezidentin rəhbərliyi ilə keçirilən müşavirənin ruhuna uyğun olmasını istəyib: "İnsanların əllərinə götürdüyü portretlər məhz prezidentin portretləridir. O müşavirənin bütün qərarlarını rəhbər tutub, regionlarda tez-tez olmaq lazımdır. Regionlarda başqa qüvvələrin hansısa problemlərdən istifadə etməsinə yol vermək olmaz".

Z. Oruc 450 minə qədər insanın qanunsuz tikilmiş evlərdə yaşadığını qeyd edib: "Sabah o evlərdə yaşayan, böyüyən uşaqların gələcəyi necə olacaq? Tez-tez belə insanların kriminal hadisələr törətdiyini də eşidirik. Biz o insanların üzərinə ekskvatorla getməli deyilik. Yaxşı olardı ki, baş nazir bu məsələnin ciddiliyini prezidentin diqqətinə çatdırsın, xüsusi komissiya yaradılsın".

Ilkin
AzNews.az