Mühüm dəyişikliklər gözlənilir - Millət vəkili anons etdi

4 May 2018 09:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Millət vəkili vurğulayıb ki, vəzifəyə yeni gətirilən şəxslər fəaliyyəti ilə ən azı ölkədə müəyyən yeni kadrların təyin olunması prosesinin nə qədər vacib olduğunu göstərməli, prezidentin etimadını doğrultmalıdırlar:

“Bunun üçün də ölkə daxilində bu kimi məsələlərdə geniş islahat paketi ilə çıxış edilməli və Nazirlər Kabineti bu paketi təqdim etməlidir. Bu proses təbii ki, proqrama uyğun olaraq həyata keçirilməlidir. Azərbaycanda tezliklə bu ənənənin ərsəyə gəlməsi çox vacibdir”.

Millət vəkili Bakı Şəhər İcra Hakimiyyətinə rəhbər təyinatının deyil, bələdiyyənin yaradılmasının aktual olduğunu deyib:

“Əslində, hesab edirəm ki, bu istiqamətdə ən vacib addımlardan biri Bakı Şəhər Bələdiyyəsinin yaradılmasından keçir. Bu baş verərsə, ən azından kollegial orqan ölkədə, Bakıda baş verən prosesləri daha ciddi təhlil edib, nəticə çıxara bilər. İdarəetmədə həddindən artıq subyektivliyin tərəfdarı deyiləm. Ən azından kollegial idarəetmənin olması çox yaxşı olardı. Bakı Şəhər Bələdiyyəsinin yaradılması qarşıda duran mühüm addımlardan biri olmalıdır”.

Millət vəkili eyni zamanda, Prezident yanında İctimai Palatanın yaradılmasının vacibliyini də xüsusilə qeyd edib:

“Rusiya və başqa ölkələrdə bu model var. Azərbaycanda da ümumi durumla bağlı ictimaiyyətin tanınmış nümayəndələrinin ölkə başçısına birbaşa bilgi verməsi və müzakirələrdə faydalı tezislərin səslənməsi idarəçiliyə çox böyük bir fayda gətirə bilər”.