İlham Əliyev içməli suyun verilməsi mərasimində iştirak edib - Yenilənib

4 May 2018 18:09 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlət başçısına “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verib.

Bildirilib ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşən “Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Rayonun 5 kəndi də daxil olmaqla, layihədən 58 min nəfər faydalanacaq.

Xaçmaz şəhərini, həmçinin ətraf kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün şəhərin mövcud su mənbəyi olan Uçqun bulağı seçilib. Bu su mənbəyində aparılan laboratoriya analizləri suyun keyfiyyətinin mövcud standartlara uyğunluğunu təsdiqləyib. Araşdırma zamanı məlum olub ki, mənbənin məhsuldarlığı da optimal səviyyədədir. Suqəbuledici qurğularda əsaslı yenidənqurma işləri aparılaraq mənbənin məhsuldarlığı saniyədə 229 litrə və ya sutkada 19,8 min kubmetrə çatdırılıb, hər birinin həcmi 3 min kubmetr olan 2 anbar inşa olunub və su mənbəyindən götürülən suyun anbar kompleksinə nəqli məqsədilə 1,9 kilometr magistral su xətt çəkilib. Anbarlarda toplanan su ehtiyatının həcminə, eləcə də suyun bulanıqlıq səviyyəsinə SCADA sistemi vasitəsilə onlayn rejimdə nəzarət edilir.

Layihə çərçivəsində Xaçmaz şəhərində 148 kilometr içməli su şəbəkəsinin, şəhərin relyef baxımından ən yüksək hissəsində yeni salınmış yaşayış massivinin dayanıqlı su təminatı məqsədilə nasos stansiyasının, 136 kilometr kanalizasiya şəbəkəsinin və şəbəkə üzərində 10 min 390 baxış quyusunun inşası, hər evin və obyektin kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib. Eyni zamanda, tullantı suların təmizləyici qurğuya ötürülməsi məqsədilə 1,2 kilometr uzunluğunda əsas daşıyıcı kollektor tikilib.

Layihənin icrası zamanı yeni yaradılmış infrastruktur mənbədən tutmuş sonuncu istifadəçiyə qədər “Azərsu” ASC-nin Coğrafi İnformasiya Sisteminə işlənilib və bu məlumatlar rəqəmsal xəritədə öz əksini tapıb. Coğrafi İnformasiya Sisteminin bir elementi olan Bina-kimlik layihəsi isə abonent haqqında bütün məlumatların xəritə üzərindən alınmasına və çeşidli təhlillərin aparılmasına imkan verir. Buraya abonentin yaşadığı ünvan, əlaqə vasitələri, istifadə etdiyi suyun həcmi, ödənişləri və təhlil üçün lazım olan digər informasiyalar daxildir. Bina-kimlik layihəsi baş vermiş qəza yerinə vaxtında müdaxilə etmək imkanı yaradır ki, bu da istismar prosesini asanlaşdırmaqla su itkilərinin minimuma endirilməsinə gətirib çıxarır. Eyni zamanda, yaranacaq fasilələr barədə abonentləri əvvəlcədən məlumatlandırmaq imkanları yaradır.

Hazırda sutkalıq məhsuldarlığı 20 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi üzrə tender prosesi yekunlaşmaq üzrədir. Qurğuda Xaçmaz şəhəri ilə yanaşı, Quba, Qusar şəhərlərinin, həmçinin Şahdağ Qış-Yay Turizm Kompleksinin də tullantı suları təmizlənib kənarlaşdırılacaq.

Layihə çərçivəsində Regional Sukanal İdarəsi üçün müasir tipli inzibati bina inşa olunub. Yeni layihənin icrasınadək Xaçmaz şəhərində 1950-1970-ci illərdə yaradılmış su təchizatı infrastrukturundan istifadə olunurdu. Şəhər əhalisinin yalnız 40 faizi mərkəzləşmiş qaydada içməli su ilə təmin edilirdi, kanalizasiya şəbəkəsi istismara yararsız vəziyyətə düşmüşdü.

Dövlət başçısına məlumat verilib ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” Xaçmaz şəhəri ilə yanaşı, Qusar, Naftalan, Qobustan və Xızı şəhərlərinin də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir. Artıq bu şəhərlərdə su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb. Layihənin sonuncu mərhələsində tullantı sutəmizləyici qurğuların inşası həyata keçiriləcək.

Sonra prezident İlham Əliyev Xaçmaz şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

***

13:32

AzNews.az xəbər verir ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verib.

Sonra Prezident İlham Əliyev Xaçmaz şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.