Bakı nefti olmasaydı…

9 May 2018 10:53 (UTC+04:00)

Bütün dünya xalqları etiraf edir ki, bu gün artıq 73-ci dəfə qeyd etdiyimiz tarixi Qələbənin qazanılmasında daha çox Azərbaycanın, xüsusən, Bakı neftinin rolu olmuşdur.

Tarixçi alimlərin “Mənəvi sərvətlər xəzinəmizə nadir töhfə” adlandırdığı bir kitabda - ulu öndər Heydər Əliyevin “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına Müraciət”ində İkinci Dünya müharibəsi və o müharibənin ən ağır yükünü çiynində daşımış Sovet xalqlarının Böyük Vətən Müharibəsi illərində respublikamızın və xalqımızın göstərdiyi mərdlik və mübarizlik nümunəsi yüksək səviyyədə yada salınır və dəyərli bir tarixi örnək kimi qiymətləndirilir. Xatırladaq ki, həmin illərdə Azərbaycan xalqı faşizmə qarşı döyüş meydanlarında, arxa cəbhədə, həmçinin Avropanın müxtəlif ölkələrindəki antifaşist hərəkatında misilsiz qəhrəmanlıqlar göstərmişdi.

Respublikamızdan hərbi səfərbərliyə alınmış 600 min nəfərin təqribən yarısı müharibədən qayıtmamış, 170 mindən çoxu orden-medallarla təltif olunmuş, 130 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibə illərində Azərbaycanda akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hazırlanmış yeni texnologiya əsasında yüksək oktanlı aviasiya benzininin istehsalına başlanılmışdı. Nəticədə, Bakı neftçiləri və alimlərimiz böyük Qələbədə həlledici rol oynamışdılar.

XX əsrin bəxtinə düşən hər iki cahan müharibəsi dəhşətli nəticələrlə başa çatsa da, İkinci Dünya müharibəsinin fəsadları daha ağır idi. Çünki, tərəflər artıq daha müasir silah və hərbi texnika ilə vuruşurdu, buna görə də insan tələfatı qat-qat çox olurdu. Dünyanın əksər dövlətlərini əhatə etmiş həmin müharibədə milyonlarla insan qurban getmiş, böyük şəhərlər darmadağın edilmiş, xarabalığa çevrilmişdi. İtaliyadakı faşist və Almaniyadakı nasist diktaturaları təkcə öz ölkələrinin deyil, demək olar ki, bütün qonşu, yaxın və uzaq ölkələrin xalqlarını da fəlakətə düçar etmişdi. Bu müharibədə dünyanın 61 dövlətindən 120 milyon adam iştirak etmiş, ideoloji və siyasi yönümündən asılı olmayaraq, 50-dən çox dövlət antifaşist koalisiyasında birləşmiş, dünyanı faşizm taunundan xilas etmək üçün birgə mübarizə aparmışdılar.

Həmin illərdə respublikamızın SSRİ tərkibində olduğuna görə faşizmə qarşı amansız mübarizəyə Azərbaycan da qoşulmalı olmuşdu. Yuxarıda qeyd etdiyimiz kimi, xalqımız Böyük Vətən müharibəsinin əsas ağırlığını öz üzərinə götürmüş ölkələrdən idi. İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən, azərbaycanlılardan ibarət 77-ci dağ atıcı diviziyası, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradılmış və onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edilmişdi. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük və şərəfli bir döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi qəhrəmanlıq göstərmişdir.

Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk döyüşçülər arasında azərbaycanlı İsrafil Məmmədovun da adı var idi. Bu ada iki dəfə layiq görülmüş həmyerlimiz, general Həzi Aslanovun şöhrəti isə bütün ittifaqa yayılmışdı. Sovet İttifaqı Qəhrəmanları Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz hünərləri ilə xalqımızın hərb tarixinə şanlı səhifələr yazdılar.

Tarixçilər yazırlar ki, müharibə təkcə ön cəbhədə döyüşənlər üçün deyil, elə arxa cəbhədə qalanlar üçün də məşəqqətə çevrilmişdi. Təcili surətdə bütün SSRİ, o cümlədən Azərbaycan iqtisadiyyatı hərbi relslər üzərinə keçirilmişdi. Yüngül və yeyinti sənayesi sahələri hərbiləşdirilmiş, az vaxt ərzində Bakı şəhəri döyüşən ordunun cəbbəxanasına çevrilmişdi. Bundan başqa, Azərbaycan neftçiləri müharibə illərində 38 növ sürtkü yağı, 9 adda təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişdilər.

Tarix kitablarında və müharibə illərinin statistikasını göstərən mənbələrdə yazılır ki, 1941-ci ildə Azərbaycanın neft hasilatı tarixində rekord miqdarda – 23,5 milyon ton neft istehsal olunmuşdu. Bu, bütün SSRİ-də istehsal olunan neftin 71,4 faizi demək idi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri keçmiş SSRİ-yə 75 milyon ton neft, 22 milyon ton benzin, sürtkü yağı və başqa neft məhsulları vermişdilər. Sovet ordusunun təyyarə və tankları, demək olar ki, Bakı nefti ilə işləyirdi. Təkcə onu demək kifayətdir ki, müharibədə hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Yəni, Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi. Bakıda “Katyuşa” raketləri, “Şpakin pulemyotları” istehsal edilir, “YAK-3” qırıcı təyyarələri yığılırdı.

Fəxrlə yada salınmalı məqamlardan biri də odur ki, böyük Qələbənin qazanılmasında Azərbaycan qadınının da kifayət qədər rolu olmuşdur. Çünki həmin illərdə iqtisadiyyatı başdan-başa müharibə dövrünün tələblərinə uyğun qurulmuş respublikamızda orduya səfərbər edilmiş işçilərin əvəzinə qadınlar və yeniyetmələr cəlb olunmuşdular. Müharibənin ilk ilində neft sənayesində işləməyə 11 min qadın gəlmişdi. Gənclərdən ixtisaslı kadrlar hazırlanması üzrə böyük işlər görülürdü. Müəssisələrdə və kolxozlarda işləyənlərin təxminən 70 faizi qadınlar idi.

Respublika əhalisi Müdafiə Fondunun zənginləşdirilməsində də özünəməxsus rol oynamışdı. Kənd əməkçilərimiz müharibə illərində ölkəyə 500 min ton pambıq və digər strateji xammal vermişdilər. Zəhmətkeşlərimiz ölkənin Müdafiə Fonduna təmənnasız olaraq milyardlarla rubl könüllü vəsait və qiymətli əşyalar vermiş, müharibənin ilk üç ilində – 1941-1943-cü illərdə Müdafiə Fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 311 milyon manatlıq istiqraz bağışlamışdılar. Cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərilmişdi.

Başqa bir məqamı da yada salaq. Ermənistan qatil eks-prezidenti Serj Sarkisyan kimi faşist Almaniyasının qatil füreri Adolf Hitler də Azərbaycan torpaqlarına göz dikmişdi. Azərbaycanı işğal etmək Hitler Almaniyasının planlarına daxil idi. Fürer hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsini hazırlamaq barədə tapşırıq da vermişdi. Qafqaza hücum planında Bakının tutulmasının dəqiq vaxtı belə göstərilmişdi…

Sonda xatırladaq ki, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirmiş və onlara hərtərəfli qayğı ilə yanaşmışdır. Məhz ulu öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılmışdır və 1994-cü ildən başlayaraq, Azərbaycanda Qələbə Günü qeyd olunur. Bu gün də ölkəmizdə müharibə veteranlarına qayğının və onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.