Ağdaşda evdən oğurluq edən şəxs saxlanıldı

7 May 2018 20:41 (UTC+04:00)

AzNews.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aprelin 25-də Ağdaş rayonu Ləki qəsəbə sakini Nuru Sadıqov RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən 1000 manat, 5500 rus rublu , həmçinin 300 manat dəyərində qızıl üzüyün oğurlandığını bildirib.

Daxil olmuş müraciət əsasında Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Yalçın Nəsirov saxlanılıb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.