Abel Məhərrəmov: “Qaçqınlar Müşfiqabada köçürüləcək“

15 Mart 2013 16:05 (UTC+04:00)
Bakı Dövlət Unveristetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürülmə prosesi bir ay müddətinə başa çatdırlıacaq.

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru Abel Məhərrəmov bildirib. Onun sözlərinə görə, yataqxanalarda məskunlaşmış məcburi köçkünlər Müşfiq qəsəbəsində salınmış şəhərciyə köçürülürlər.

Rektor bildirdi ki, yataqxanalar yarasız və qəza vəziyyətində olduğundan köçürülmə prosesi başa çatdıqdan sonra söküləcək və yerində müasir tipli tələbə şəhərciyi salınacaq: "Əgər biz BDU-nun dünya universitetləri içərisində yüksək reytinqinə malik olmasını istəyiriksə, o zaman müasir tələblərə cavab verən yataqxanamız olamalıdır. BDU-nun tələbə şəhərciyinin yoxluğu bizim dünya unversitetləri sırasında ilk 500-lüyə düşməyimizə ciddi maneəçilik törədir və reytinqimizi aşağı salır. Hazırda BDU dünyanın 1000 universiteti sırasında 602-ci yerdədir. Amma hədəfimiz birinci 500-lükdə mövqeyimizi möhkəmlətməkdir".

A.Məhərrəmov bildirdi ki, yeni yataqxana şəhərciyi 5-6 min tələbə üçün nəzərdə tutulub. Amma BDU-nun 10 min tələbəni yerləşdirmək üçün yataqxanaya ehtiyacı var.

BDU rektoru onu da deyib ki, yeni yataqxananın tikintisinə başlamaqla bağlı qərar yaxın günlərdə keçiriləcək müzakirədə qərar veriləcək: "Artıq yeni tələbə şəhərinin layihəsi hazırdır və hökumət tərəfindən təsdiqlənib. Tikinti işləri isə bir neçə ilə başa çatacaq. Hesab edirəm ki, yeni tələbə şəhərciyi BDU-nun 100 illik yubleyinədək tikilib tələbələrin istifadəsinə veriləcək".

AzNews.az