Kanada şirkəti Azərbaycanda yeni qaz yataqları axtarışında

8 May 2018 18:14 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında qeyd olunub.

Bildirilib ki, “Zenith Energy” “Muradxanlı” və “Cəfərli” neft yataqlarında aparılan geoloji tədqiqatdan sonra əməliyyatların sahəsini genişləndirib. Geoloji tədqiqatlar “Zərdab” yatağında 21, 28, 3, 14 və 4 saylı quyuları da əhatə edəcək. “Zenith Energy” yataqdakı 21 saylı quyuda daha 300 metr qazma apararaq ümumi dərinliyi 4270-4300 metrə çatdırmaq niyyətindədir. Yekun qərar ilkin hasilat testinin nəticəsindən asılıdır.

Qeyd edilib ki, Z-4 və Z-14 quyularında xeyli miqdarda neft və qaz aşkarlanıb və hazırda araşdırma aparılır.

“Zenith Energy” şirkətinin baş əməliyyat meneceri Mayk Palmer bildirib ki, yataq və onun geniş potensialı barədə anlayış günü-gündən artmaqdadır. Onun sözlərinə görə, Z-21 quyusu şirkət Azərbaycanda fəaliyyətə başlayandan indiyədək ən əhəmiyyətli əməliyyat potensialına malikdir.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.