Sülhəddin Əkbər: “Bir-birimizin tədbirlərində iştirak edirik, amma...”

15 Mart 2013 17:33 (UTC+04:00)
"Artıq bütün siyasi qüvvələr birliyin zərurətini dərk edirlər və hamı da bu birliyin qaçılmaz olduğunu görür. Biz Demokratik Qüvvələrin Məşvərət Məclisinin üzvü olmaqla bərabər, eyni zamanda həm Ziyalılar Forumu, həm də İctimai Palata ilə əməkdaşlıq haqqında prinsipial razılaşmamız var. Bir-birimizin tədbirlərində də iştirak edirik, amma təbii ki, bu bizi qane etmir. O baxımdan ki, biz Azərbaycanda demokratik dəyişiklik istəyən bütün qüvvələrin birgə fəaliyyətini istəyirik".

Bu fikirləri ACP sədri Sülhəddin Əkbər AzNews.az-a müxalifətin əməkdaşlıq perspektivlərini şərh edərkən deyib. S.Əkbərin sözlərinə görə, artıq bir neçə aydır müxalifətin geniş koalisiyasının yaradılması və demokratik qüvvələrin mobilizasiyası istiqamətində səylər göstərilir, danışıqlar aparılır:
"Proseslərin iştirakçısı olaraq vahid mövqedən çıxış etməyin yolları görünürmü" sualına gəldikdə, ACP sədri buna konkret cavab verə bilməyəcəyini deyib. Onun fikrincə, bu təkcə təmsil etdiyi təşkilatın mövqeyindən asılı deyil:

"Mən bu barədə ona görə konkret fikir səsələndirə bilmərəm ki, bu, yalnız ACP-dən, onuin mövqeyindən asılı olan məsələ deyil. Ümumi şəkildə artıq birliyə qarşı gedən qüvvə qalmayıb. Yəni artıq bütün siyasi qüvvələr bu birliyin zərurətini başa düşürlər. İndi artıq söhbət bu birliyin formasından, strukturundan, burada qüvvələrin iştirak edib etməməsindən gedir. Bu da müəyyən şəxsi və qrup maraqlarını, münasibətlərini ortaya çıxarır. Bir qədər məsələ konkretləşəndə müəyyən problemlər aşkarlanır ki, bu da müəyyən zaman alacaq. Bu baxımdan da indidən bu birliyin baş tutub-tutmayacağını mən konkret söyləyə bilmərəm. Bizim arzumuz, niyyətimiz, fəaliyyətimiz də bu birliyin baş tutması ilə bağlıdır".
ACP lideri Rəsul Quliyevin ölkəyə qayıdışı ilə bağlı digər siyasi qüvvələrin münasibətindən narazılığa gəlincə, S.Əkbər bildirib ki, təmsil etdiyi təşkilat bu müdafiənin daha yüksək səviyyədə olmasını arzulayır:

"Təbii ki, biz istərdik ki, bu müdafiə daha yüksək səviyyədə olsun. Amma mənə elə gəlir ki, bu istiqamətdə görülən işlər bugünkü Azərbaycan reallığını da özündə əks etdirir. Cəmiyyətdə yanlış bir yanaşma var ki, Rəsul Quliyevin hüquqlarının müdafiəsi bəziləri üçün yalnız öz məsələsidir, yaxud da ACP-nin problemidir. Bu cür düşünənlər yanılırlar. Əslində isə insan hüquqları və siyasi azadlıq məsələsi bütövlükdə cəmiyyətin problemidir. Müxtəlif siyasi qüvvələrə, müxtəlif siyasi qurumlara qarşı hakimiyyət tərəfindən bu və ya başqa şəkildə təzyiqlər, repressiyalar olur. Kimisinə pasport verilmir və buna görə də ölkədən kənara çıxa bilmir, kimisi rayonlara gedib sərbəst şəkildə görüşlər keçirə bilmir, kimisini müxtəlif saxta ittihamlarla həbsə atırlar, kimisini cərimələyirlər. Əgər biz bütövlükdə siyasi azadlıqların qorunmasını ümumi iş kimi qəbul etsək, birgə fəaliyyət göstərsək, mənə elə gəlir ya bu problemlərlə üzləşmərik, ya da olsa belə biz də ona qarşı ümumi müqavimət təşkil edə bilərik və öz hüquqlarımızı daha səmərəli qoruya bilərik".

Gültəkin
AzNews.az