Rəssamlıq Akademiyasında “Azərbaycan və azərbaycanlılar” adlı elmi konfrans keçirilib - Foto

10 May 2018 17:03 (UTC+04:00)

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının mətbuat katibi Fuad Sadıqovun AzNews.az-a verdiyi məlumata görə, tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru akademik Ömər Eldarov dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu vurğuladı. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmasından danışdı. O, çıxışında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ümummilli liderin xatirəsini əziz tutaraq, ənənəvi olaraq bu mövzuda tədbirlər keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, Akademiya Heydər Əliyevin ümumi tapşırığı və sərəncamı ilə 13 iyul 2000-ci ildə yaradılıb.

Ömər Eldarovun çıxışından sonra Heydər Əliyevin yaradıcılığına, onun Azərbaycan mədəniyyətinə olan diqqətinə həsr edilmiş video-rolik təqdim edildi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rima Qafarzadə çıxışında Heydər Əliyevi Azərbaycanda multikulturalizmin siyasi banisi kimi dəyərləndirdi. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mətanət Nəsirova isə ulu öndəri milli mədəniyyətimizin təəssübkeşi kimi qiymətləndirdi: “Ulu öndər Heydər Əliyevin elm və sənət sahələrinə, o cümlədən, çoxəsrlik ədəbiyyatımıza, mədəniyyət və incəsənətimizə aid nəzəri-estetik görüşləri fundamental elmi-tədqiqat əsərləri üçün zəngin material verir. Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideallarla zənginləşməsində onun misilsiz xidmətləri olub. O, Azərbaycan xalqının tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşıb və milli ədəbiyyatımızın, mədəniyyətimizin böyük dostu və hamisi olub”.

Tarix üzrə fəlsəfə doktoru Sevinc Vahabova da milli sərvətlərimizin qorunmasında Heydər Əliyevin rolundan danışdı. Sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samir Sadıqov Azərbaycan təsviri sənətində Heydər Əliyev obrazını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Konfransdan sonra ADRA-nın tələbələrinin yaradıcılıq işlərindən ibarət sərgi keçirildi. Burada nümayiş olunan əsərlər rəngkarlıq, qrafika, qobelen və digər üslublarda hazırlanmışdı. Süjet xətti olaraq ümummilli lider Heydər Əliyevin portretlərini əks etdirən rəsmlərlə yanaşı, Azərbaycanın görkəmli şəxsiyyətləri, zəngin təbiəti və tarixi abidələri, dünəni və bu gününü tərənnüm edən sənət əsərləri də sərgilənməkdə idi.