AzNews.az xəbər verir ki, Prezident bu otelin fəaliyyətinin ölkəmizdə turizmin inkişafına təkan verəcəyini bildirib: "Çünki bu, indi bizim üçün əsas istiqamətlərdən biridir, turistlərin sayı ölkəmizdə artır. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə isə 20 faiz artıb. Bu ilin dörd ayında isə Azərbaycana gələn turistlərin sayı 13 faiz artıbdır. İndi “ASAN Viza” rejimindən istifadə edərək 90-dan çox ölkədən turistlər gələ bilərlər. Bizim 7 aeroportumuz var, gözəl infrastruktur layihələri icra edilir. Bu yaxınlarda turizm üzrə Dövlət Agentliyi yaradılıb. Əlbəttə, bu Agentlik turizmin inkişafına təkan verəcək və Azərbaycanda müasir turizm sənayesi yaradılacaqdır.
Eyni zamanda, bu otelin fəaliyyətə başlaması ölkəmizin ümumi inkişafını göstərir. Şəhərimizin gözəlliyi bu gün artıq dünya birliyi tərəfindən tanınır. Ölkəmizdə keçirilmiş böyük tədbirlər, idman tədbirləri, onların arasında əlbəttə ki, Formula 1 yarışı dünyanın diqqətini Azərbaycana cəlb edir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biri kimi öz qapılarını dostlarının üzünə açır".