Narazı zabitlərdən Səfər Əbiyevə barışıq təklifi

16 Mart 2013 10:36 (UTC+04:00)


Xəbər verildiyi kimi, "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyi Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova paytaxtda etiraz aksiyası keçirməklə bağlı növbəti dəfə müraciət edib.

Qeyd edək ki, aksiya hərbi qulluqçuların xeyrinə çıxarılmış və qanuni qüvvəyə minmiş bir sıra məhkəmə qətnamələrinin Müdafiə Nazirliyi tərəfindən uzun illərdir ki, icra edilməməsinə etiraz olaraq keçiriləcək. Nəzərdə tutulan piket martın 19-da eyni vaxtda iki yerdə təşkil ediləcək.

Maraqlıdır ki, piketin təyin olunduğu gün ilaxır çərşənbəsinə təsadüf edəcək. Birliyin rəhbəri Yaşar Cəfərli isə Aznews.az–a verdiyi açıqlamasında Novruz axşamı – ilaxır çərşənbə gününə təyin edilən aksiyaya böyük ümidlər bəslədiyini deyib:

"Novruz bayramında küsənlərin hamısı barışır. General Səfər Əbiyevin əsilli Azərbaycan ailəsindən çıxdığını deyirlər. Belə ailələr qədim ənənələrə hörmətlə yanaşır, ənənələrə əməl etməyə çalışırlar. Biz də ümid edirik ki, general bu bayram münasibəti ilə qətnamələrin icrasını təmin edəcək və pullarımızı özümüzə qaytaracaq. Biz də öz növbəmizdə aldığımız həmin pulla Səfər Əbiyevə Novruz hədiyyəsi hazırlayarıq".

Ruhiyyə
Aznews.az