Millət vəkilləri Ərdoğan hökumətini ittiham etdi

16 Mart 2013 11:12 (UTC+04:00)


"Türkiyənin indiki rəhbərinin apardığı siyasət iki dövlət arasındakı qardaşlıq münasibətlərinə qətiyyən cavab vermir. Biz bunu qətiyyətlə pisləyirik". Bunu APA-TV-yə açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev İrəvan-Van aviareysinin açılışı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Millət vəkili hesab edir ki, Türkiyə Dağlıq Qarabağın işğal edilməsini əsas götürüb Ermənistanla diplomatik əlaqələr qurmursa, lakin, Gürcüstan üzərindən əlaqələr yaradırsa, eləcə də Ermənistan əhalisinin Türkiyədə işləməsinə şərait təşkil edirsə, bu zaman sərhədlərin bağlı qalması formal xarakteri daşıyır:" Bəlkə də bu, imkan verir ki, Türkiyənin indiki səfiri kimi minnət qoysunlar ki, heç bir dövlət Türkiyədən fərqli olaraq Ermənistanla sərhədləri bağlı saxlamır. Hesab edirəm ki, Azərbaycan mane olmamalıdır. İstəyirlər lap sərhəddi də açsınlar. Onsuzda heç nə dəyişmir. Yüz minlərlə qanunsuz miqrantlar Türkiyədə işləyir, Ermənistana vəsait göndərirlər".

Millət vəkili Fazil Mustafa isə Türkiyənin bu addımı atmasını beynəlxalq aləmdə öz imicini qorumaq, başqa xalqların mədəniyyətinə normal münasibət bəslədiyini göstərmək üçün atdığını deyir : "Çarter reyslərinin Vanda açılması ona görədir ki, Vanda erməni abidələri var. Və Türkiyəyə beynəlxalq təzyiqlər var ki, ermənilərin öz abidələrini ziyarət etmələri üçün şərait yaradılmalıdır. Reyslər İstanbul Ankaraya olanda artıq bu fərqli olur. Məncə bunu lokal problem kimi qəbul etməliyik. Bunu şişirtməyə gərək yoxdur".

Fazil Mustafa bildirib ki, Türkiyə siyasətində dəyişiklik olmadığı müddətcə Azərbaycanın Türkiyəyə qınaq formasında məsələlər yönəltməsi münasibətlərin zədələnməsinə gətirib çıxarar: "İşğalçı rejimlə işğalçı rejimlə, o cümlədən Dağlıq Qarabağda yaranmış separatçı rejimlə hər hansı təmasa biz qısqanclıqla yanaşırıq. Xüsusi ilə də o təmas bizim dost dövlətlər tərəfindən olanda. Biz bu ölkə ilə istənilən təmasın işğalçı rejimin gücləndirilməsi faktoru kimi yanaşırıq. Buda işğal faktını uzadır. Ona görə də Ermənistanla istənilən iqtisadi əlaqələrə, o cümlədən sərhədlərin açılmasına, Ermənistanla gediş gəlişin intensivləşdirilməsinə, bu dövlətin siyasi, iqtisadi strukturları ilə hər hansı əlaqələrin qurulmasına Azərbaycan hakimiyyəti və ictimaiyyəti birmənalı şəkildə mənfi yanaşır".

Qeyd edək ki, İrəvan-Van marşrutu ilə ilk aviareys aprelin 3-də təşkil olunacaq. Həftə ərzində İrəvandan Vana və Vandan İrəvana olmaqla, iki dəfə müntəzəm aviareys həyata keçirəcək.

AzNews.az