AzNews.az xəbər verir ki, Bakıda şanssızlıqla üzləşən finlandiyalı pilot Valtteri Bottasa bu dəfə heç nə mane olmadı və podiumun ikinci pilləsinə yüksəldi. Bununla da "Mercedes"lər bu il ilk dubluna imza atdı.

Son yarışda komanda yoldaşı Rikkardo ilə insident yaşayan Maks Ferstapen isə üçüncü olmağı bacardı.
Yarışa ilk sırada Mercedes pilotları başladı. İkinci sırada Ferrari pilotları start almışdı.
Haas-dan Qorajanın elə startdaca etdiyi qəza Renaultdan Hülkenberq və Toro Rossodan Qaslinin maşınını da sıradan çıxardı. Bu səbəbdən elə ilk dövrədə təhlükəsizlik avtomobili trasa çıxdı.



41-ci dövrədə Esteban Okonun bolidində problem yarandığından yarışı dayandırdı. Bolid trasdan çıxarılana qədər virtual təhlükəsizlik rejimi elan edildi.
Okonun ardınca Kimi Raykkonen və Van Dorn da finişə çatmadan mübarizədən kənar düşdü.
Dövrəvi sürücüyə toxunan Ferstappen ön qanadını zədələdi. Buna baxmayaraq, bu mövsüm ilk podiumunu qazandı.


Son dünya çempionu Lyuis Hamilton 64-cü qələbəsini qazanmaqla "Günün sürücüsü" oldu.
Hazırda turnir cədvəlində Hamilton 95 xalla liderdi. Bu dəfə də podiuma yüksələ bilməyən Sebastyan Fettel 78 xalla rəqibindən geri qalır. Mühəndislər kubokunda isə Mercedes 153 xalla reytinqə başçılıq edir.
Növbəti yarış iki həftə sonra Monakoda olacaq.


