Ermənistanda heç nə dəyişməyəcəkdisə...

14 May 2018 10:18 (UTC+04:00)

Bura çox hörmətli yoldaş Paşinyanın Dağlıq Qarabağ problemilə, Azərbaycanla bağlı söylədiyi bəyanatları da əlavə etsək, dərhal suallar yaranar: Ermənsitan bundan sonra da Rusiyanın nökəri kimi qalacaqsa, onda bu inqilabın nə mənası vardı? Dağlıq Qarabağ problemilə bağlı Köçəryan-Sarkisyan siyasəti davam edəcəksə, İrəvan regional siyasətini dəyişərək qonşularına qarşı ərazi iddialarından əl çəkməyəcəksə, onda bu inqilabın nə mənası vardı? Bəlkə bu, inqilab yox, adicə hakimiyyət dəyişikliyi idi?

Bəli, sualları beləcə davam etdirmək olar. Amma qoy Ermənistanla bağlı sualları ermənilər özləri versinlər. Bizi isə onlar yalnız bir konteksdə düşündürür: bundan sonra Ermənistana qarşı hansı siyasəti yürütməli?
Hələlik aydın olanı budur ki, deyəsən, bu vaxta qədər qüvvədə olan siyasi kursa elə bir dəyişiklik etməyə ehtiyac olmayacaq. Doğrusu, İrəvanda hakimiyyət dəyişikliyi müəyyən ümidlər yaratmışdı – axı adi hakimiyyət dəyişikiliyi zamanı da siyasətdə nəsə dəyişir. Çünki adamlar dəyişir və onlar da siyasətə öz yanaşmalarını gətirirlər.

Amma deyəsən, belə ümidlərə qapılmağa dəyməyəcək: Paşinyan bir yana, erməni auditoriyası təəssüf ki, Azərbaycanla, Dağlıq Qarabağla bağlı sərt bəyanatlar eşitmək istəyir. Xüsusən də Qarabağ klanı Dağlıq Qarabağda necə vardısa, elə də qalıbdır. Paşinyan hətta istəsə belə, onları digərləriə əvəz etmək gücündə deyil.

Erməni inqilabının geosiyasi təmayülü də az mübahisə doğurmur və demək olar ki, intensiv şəkildə diskussiya olunur. Yazının əvvəlindəki ilk iki cümlə prinsipcə, bu suallara aydınlıq gətirə bilərdi; di gəl, N.Paşinyanın bəyanatları hələ ki, Kremli tam qane etmir. Rusiyanın ən müxtəlif siyasi dairələri Ermənistanda ABŞ-ın və ya Qərbin təsirinin artacağından danışırlar.

Belə gümanlar nə qədər əsaslıdır? Hər şey ola bilər. Ermənistandakı ABŞ səfiri Paşinyan hökumətilə ölkəsinin əməkdaşlığa hazır olduğunu bəyan edən ilk ünvanlardan oldu. Hazırda ABŞ Rusiyanı bir az da sıxmaq üçün daha yeni imkanlar arayır və bunun da biri Ermənistan ola bilər. Burada bir məsələ də var. ABŞ Gürcüstanda xeyli güclənib, ruslar hətta bu kiçik ölkəni ABŞ-ın əyaləti adlandırırlar.

Amma ABŞ-ın başqa hədəfləri də ola bilər. Ona İranın, Türkiyənin və hətta Azərbaycanın yaxınlığında əlavə təzyiq “rıçaq”ı lazımdır. İran bəlli məsələdir, burada izafi şərhə eytiac yoxdur. Vaşinqtona axır vaxtlar heç sözə baxmayan, ayağını tez-tez cızıqdan kənara qoyan Ankaranı, eləcə də ABŞ və Avropadan təmkinli məsafə saxlayan Bakını sıxmaq üçün də “rıçaq” lazımdır və Ermənistan bunun üçün heç də pis variant deyildir.

Gürcüstan, təbii, bu missiyaya yaramır, çünki onun Bakı və Ankara ilə yaxşı münasibətləri və sıx əməkdaşlığı var. Ermənistan isə tamam başqa məsələdir – o, özünün sərsəm planları üçün daha bir dəstək almaqdan ötrü lap əldən-ayaqdan gedir.

Sözsüz ki, bunlar hələ mülahizələrdir. Bu gün, mayın 14-də N.Paşinyanın V.Putinlə görüşü baş tuta bilər. Bu, hələ ilk görüşdür, bundan sonra Paşinyanın böyük siyasət müstəvisində özünü necə apardığı aydın olacaqdır. Amma Rusiyanın Ermənistanın siyasi kursunu tənzimləmək üçün hələ xeyli imkanları var. Bunlardan ən birincisi də Qarabağ problemidir. Qarabağ “tilov”dur, elə Paşinyanın ilk bəyanatları da belə göstərir ki, o, həmin “tilov”a həvəslə gedir...

Bura onu da əlavə etmək lazımdır ki, N.Paşinyanın öz siyasi ətrafı yoxdur. Xüsusən də Dağlıq Qarabağ klanı Qarabağda mövqelərini saxlayır və kimsə üçün sirr deyil ki, nə Bako Saakyan, nə də digərləri Paşinyanın adamları deyil. Bunlar da Rusiya üçün əlavə imkan və təzyiq vasitəsidir. Paşinyan ağılsız adama oxşamasa da, L.Ter-Petrosyandan ağıllı olmayacaq. Petrosyanı isə məhz həmin Qarabağ klanı hakimiyyətdən devirmişdi. Hiss olunur ki, Paşinyan anlayır və gözəl dərk edir ki, Qarabağda onun heç bir dayağı yoxdur. Məhz həmin dayağı yaratmaq üçün də dərhal Qarabağa yollandı.

Ən düşündürücüsü isə bilirsiniz nədir? Ermənistanda da, Dağlıq Qarbağda da əksər ermənilər belə düşünür ki, Köçəryan və Sarkisyan lənglik edir, problemin həllində qətiyyət və cəsarət göstərmirdilər. Onlar hələ də düşünürlər ki, guya problemin daha “sürətli həll”i var! Bu səbəbdən əvvəllər də erməni müxalifəti mitinqlər keçirərkən deyirdik ki, onların şüarlarına da diqqət edin...

Amma təlaşlanmağa ehtiyac yoxdur. Sadəcə, hər an hərbə hazır olmalıyıq. Bunu Paşinyanın axmaq bəyanatları da diktə edir, Kremlin və Dağlıq Qarabağ klanının gələcəkdə törədə biləcəyi mümkün təxribatlar da. Ancaq məsəl var, deyərlər, sirkə nə qədər tünd olsa, öz qabını sındırar. Paşinyan Dağlıq Qarabağla bağlı siyasətdə dəyişiklik etməsə, Azərbaycan və Türkiyə ilə münasibətləri yoluna qoymasa, onda Ermənistanın sosial-iqtisadi vəziyyəti bir az da ağırlaşacaq – bunu isə ona nə rəqibləri, nə də bu gün ona əl çalanlar bağışlamayacaq...

Hüseynbala Səlimov
AzNews.az