"Misirdə Azərbaycan adına çox böyük işlər görülür" - Səlim Abbasov

13 May 2018 16:08 (UTC+04:00)

Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin təşkil etdiyi tədbirdə parlamentin sədr müavini Süleyman Vahdan, parlamentin baş katibi Əhməd Saadəddin, parlament daimi komissiyalarının sədrləri, deputatlar, xarici işlər naziri, mədəniyyət naziri, turizm naziri, təhsil nazirinin müavinləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın tanınmış dizayneri Leyla Əliyevanın kolleksiyasından olan “Azərbaycanın milli paltarları” adlı moda nümayişi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Tədbirin konsert proqramı Azərbaycan Dövlət Filarmoniyasının rəqs qrupu tərəfindən mahir şəkildə ifa olunan, “Yallı”, “Tərəkəmə”, “Ağ çiçəyim”, “Qaytağı” və “Naz eləmə” rəqsləri ilə davam edib.

Daha sonra əməkdar artist Səlim Abbasovun ifasında populyar Azərbaycan və Ərəb musiqiləri səsləndirilib. İstedadlı skripka ustasının spesifik ifa tərzi tədbir iştirakçılarının gurultulu alqışları ilə qarşılanıb. Ziyafət iştirakçılarına Azərbaycan Xalq Cümhuriyətinin 100 illiyi logosu ilə bəzədilmiş hədiyyə paketi təqdim olunub.

Səfərdən dönən əməkdar incəsənət xadimi tədbirlə bağlı fikilərini bölüşüb:

"Bizi orada çox gözəl qarşıladılar. İfamızla salonda bir coşğu yarandı. Biz də orada repertuarımızda olan ən maraqlı mahnıları ifa etdik və tamaşaçılar tərəfindən də yüksək coşğu ilə qarşılandıq. Qeyd edim ki, Misirdə Azərbaycan səfirliyi Azərbaycan adına çox böyük işlər görür. Bu da onların vətənə, dövlətə olan sevgisindən irəli gəlir. Onların bizə qarşı göstərdikləri diqqətə görə Tural bəyə və onun həyat yoldaşı Sevinc Rzayevaya təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, əməkdar artist Səlim Abbasovun rəhbərliyi ilə musiqili ansamblı da tədbirdə iştirak edib. Belə ki, əməkdar artisti pianoda Əyyub Yəhyayev, nağarada isə Xəyal Abbasov müşayiət edib.