Ölən və yaralanan fələstinlilərin sayı az ola bilərdimi?

16 May 2018 10:32 (UTC+04:00)

Amma belə olmadı – nə birinci “soyuq savaş”ın bitməsi, nə digər proseslər, çox təəssüf ki, yəhudilərlə fələstinlilər arasındakı anlaşmanı dərinləşdirə bilmədi. Əksinə, ötən ilin dekabr ayında D.Tramp Yerusəlimlə bağlı birtərəfli qərar qəbul edərək vəziyyəti bir az da gərgin duruma gətirdi.

Bəli, ABŞ İsraildəki səfirliyini Yerusəlimə köçürdü, özü də vaxtından da bir az əvvəl.

Həm böyük təntənə-şadyanalıq da oldu, həm də qan töküldü. Səfirliyin açılış mərasiminə dəvət almış dövlətlərdən 30-dan çoxu tədbirə qatıldı. Fələstinlilər isə böyük etiraz aksiyası keçirdi, ölənlərin və yaralanların sayı o qədər çox oldu ki, bəlkə də son on ildə etirazlarda bu qədər itki olmamışdı.

Ən çox diqqət çəkən bu idi ki, etiraz edən fələstinlilərin əlində daşdan savayı heç nə yox idi. Yox, biz inkar etmirik ki, Fələstin qruplaşmalarının arasında da elələri var ki, İsrailə qarşı daha qəddar və modern terror üsullarından istifadə edirlər. Amma söhbət bilavasitə son günlərdə etiraz edən fələstinlilərdən gedir – bir daha deyirik ki, onların əlində daşdan başqa heç nə yox idi...

İsrail dövləti bu məsələyə həssas olmalıdır. Elə siyasət aparılmalı, elə yumşaq təzyiq üsulları seçilməlidir ki, İsrailə rəğbəti olan ölkələr, əsas da bu cür azsaylı müsələman dövlətləri, necə deyərlər, çətin vəziyyətdə qalmasınlar. Belə azsaylı müsəlman ölkələrinə biz öz Azərbaycanımızı da aid edirik. Bakı həm müsəlman dünyası ilə, həm də İsraillə əlaqələrə çox böyük önəm verir. Amma İsrail tərəfdən zorakılıq halları artanda bu, bizi də digər müsəlman dövlətləri qarşısında çətin duruma salır. Xüsusən də Azərbaycan o azsaylı ölkələrdəndir ki, dinc insaların, uşaqların, qadın və qocaların ölümünün necə ağır faciə olduğunu bilir.
Bəlkə də bunun nəticəsidir ki, ümumi diplomatik müstəvidə də çox böyük bir gərginlik yaşanır. Hətta Türkiyənin öz səfirlərini ABŞ-dan və İsraildən geri çağırması haqqında xəbərlər də səsləndi.

Biz bir məsələni təəssüf ki, aydınlaşdıra bilmədik. Bu da səfirliyin harada, hansı ünvanda yerləşməsi məsələsidir. Səfirliyin açılmasından bir az əvvəl ABŞ belə bir bəyanat yaydı ki, biz Yerusəlimin sərhədlərini müəyyən etmək fikrində deyilik.

Bəs buna niyə diqqət çəkirik? Məsələ bundadır ki, hələ D.Tramp səfirliyin Yerusəlimə köçürüləcəyi haqda qərar verərkən siyasi təhlilçilər diqqəti belə bir detala yönəltmişdilər: Dünya birliyi, xüsusən də müsəlman ölkələri tərəfindən təzyiq görən D.Tramp son anda qayıdacaq ki, səfirliyi biz Yerusəlimin yəhudi hissəsinə köçürmüşük...

Ona görə də bizim üçün səfirliyin ünvanı çox maraqlı idi. Lakin təəssüf, onu müəyyənləşdirə bilmədik. Bir daha yada salaq ki, beynəlxalq siyasi və diplomatik leksikonda Şərqi və Qərbi Yerusəlim var. Lap əvvəl Şərqi Yerusəlim Fələstin ərazisi kimi nəzərdə tutulmuşdu. Ancaq İsrail həmin ərazini də işğal edərək Yerusəlimi özünün bölünməz paytaxtı elan etdi.

Vəziyyətin xüsusi qəlizliyi bilirsinizmi, nədədir? Müqəddəs yerlərin demək olar ki, əksəriyyəti, o cümlədən də məşhur əl-Əqsa məscidi Şərqi Yerusəlimdədir və bəlkə də şəhər uğrunda savaşı gücləndirən əsas amil də elə budur.

Bəs vəziyyət necə inkişaf edəcək? Artıq bildirilib ki, daha iki ölkə - Qvatemala və Paraqvay da ABŞ-ın ardınca səfirliyini İsrailə köçürməyi planlaşdırır. Heç sözsüz ki, 30-dan artıq ölkənin də dəvəti qəbul edərək yeni ABŞ səfirliyinin açılması mərasiminə qatılması onu deməyə əsas verir ki, gələcəkdə səfirliklərini Yerusəlimə köçürəcək dövlətlərin sayı artacaq.

Güman ki, Avropa ölkələrinin çoxu hələ bunu etməyəcək. Səbəbi də budur ki, avropalıların da Yerusəlimə iddiaları var: onlar “peyğəmbərlər şəhəri”ni nə fələstinlilərə, nə də ki, yəhudilərə güzəşt etmək istəmirlər. D.Trampın qərarına BMT-də Avropa ölkələrinin böyük təpki ğöstərməsi də elə bununla bağlı idi. Düşünmək lazım deyil ki, onlar bunu ərəblərə və yaxud da müsəlmanlara böyük simpatiyaları üzündən etmişdilər.
Müsəlman ölkələrindən ən sərt etiraz edən Türkiyə oldu. Bilirsiniz, bu, həm təqdirəlayiqdir, həm də bir az risklidir: ABŞ və İsraillə əlaqələri tamam soyutmaq Türkiyənin maraqlarına cavab vermir. Təbii ki, ölən və yaralanan insanlar hamını ağrıdır. Ancaq nəzərə almaq lazımdır ki, ərəb ölkələrinin özləri belə Türkiyə qədər həssaslıq nümayiş etdirmirlər. Hətta ərəb dünyasının ən böyük dövlətini – Səudiyyəni indi İranla bağlı planlar daha çox düşündürür, nəinki Yerusəlim məsələsi...

Ümumiyyətlə, regionda çox qəliz vəziyyət yaranıb. Fələstin-İsrail münasibətlərini düşünəndə qeyri-ixtiyari olaraq yadımıza 1967-ci ilin məşhur “Xartum bəyannaməsi”, xüsusən də onun çox məşhur “Üç yox” prinsipi düşür: İsraillə sülhə yox, İsraili tanımağa yox, İsraillə danışığa yox!

O vaxtdan yarım əsrə yaxın vaxt keçib. Amma ki, ərəb dünyasında, xüsusən də ərəb-İsrail müstəvisində çox az şey dəyişibdir. Fəqət, bu cür davam edə bilməz: İsraili də tanımaq və onunla intensiv danışıqlar aparmaq lazımdır. Başqa yol yoxdur, ola da bilməz, çünki onlarla ərəb dövləti kimi bir yəhudi dövlətinin də yaşamaq haqqı var. Həm də aydın məsələdir ki, kompromis olmalıdır, ona görə ki, bu cür məsələlər heç bir halda kompromissiz həll olunmur...

Hüseynbala Səlimov
AzNews.az