Mehriban Zeynalovadan deputata dəstək: “Uşağı doğub küçəyə atırlar”

16 May 2018 14:47 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında “Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlının ictimai qınağa səbəb olan “dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?” fikrini şərh edərkən deyib. Onun sözlərinə görə, deputat qadınların sosial müdafiəsi sisteminin gücləndirilməsi məsələsini də qaldıracaq:

“Bəzi qadınların ailə qurmalarının səbəbi olur. Onlar özlərinə güvənmək istəmir, təhsilləri yoxdur, kişidən dəstək alırlar. Bəziləri erkən ailə həyatı qururlar. Uşağı doğub küçəyə atan və zorakılığa məruz qoyan analar var. Biz həmin anaları qınayırıq. Deyirik ki, belə ana olmaz. Faciə ondadır ki, nə qadınlar, nə də kişilər məsuliyyəti boyunlarına götürmək istəmir. Əvvəllər nə qədər məsuliyyət hissi vardısa, indi bir o dədər məsuliyyətdən qaçma hissi var. Kişilər bu yükü çəkmək istəmir. Sonda bütün əziyyət qadınların üstünə düşür. Məncə bu prosesdə təkcə qadınlar deyil, kişilər də qınanmalıdır. Qadın uşağı tək dünyaya gətirmir. Dünyaya 1-3 uşaq dünyaya gətirən anaları qınamayaq. Bəlkə hamilə olan zaman abort etdirməyə imkanı olmayıb? Qadınların çox uşaq doğmasının səbəbi var. Onlar düşünür ki, çox uşaq olarsa, ailə dağılmaz. Mental davranışlar bizim qadınlarımızı çıxılmaz vəziyyətə qoyur. Aqiyə xanım ütülü sözlər işlətsəydi, deyəcəkdilər ki, deputat problemdən xəbərsizdir. Aqiyə xanım dəfələrlə sığınacaqda olub, buradakı qadınların taleyi ilə maraqlanır, bizimlə işləyir. Ona görə bu məsələdə ona dəstək vermək lazımdır. İndi millət vəkili kimi qınayırlar ki, niyə belə sözlər işlədib. Yəni düşünürlər ki, deputat belə sözlər işlətməməlidir. Anaya deyəndə ki, dünyaya gətirdiyin uşaq dövlətə məxsusdur, hay-həşir salır. Deyir dövlət kimdir, heç kəs mənim uşağımı əlimdən ala bilməz. Ona görə də biz ailə modeli olaraq dəyişiklikləri gücəndirməliyik”.

Qeyd edək ki, Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirə olunub. Müzakirə zamanı komitə sədri Aqiyə Naxçıvanlının “dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?” fikri cəmiyyətdə qınağa səbəb olub.