Səməd Seyidov danışdı: “Bu sanksiyalar...”

16 May 2018 16:54 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov qeyd edib ki, Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə konstruktiv əməkdaşlıq edir: "Ancaq bu o demək deyil ki, Avropa Şurası daxilində Azərbaycana qarşı ikili standarlar mövcud deyil. Biz bunun dəfələrlə şahidi olmuşuq. Dünən qəbul edilən qərar Azərbaycana qarşı növbəti ikili standartlarla dolu yanaşma kimi qiymətləndirilməlidir".

O bildirib ki, Avropa Şurasının rəhbərliyinə yazdığı məktubda Azərbaycana qarşı belə bir davranışın heç bir əsası olmadığını, Azərbaycana qarşı qeyri-obyektiv mövqe olduğunu və Azərbaycan əleyhinə olan qüvvələrin dəyirmanına su tökmək olduğunu qeyd edib.

S.Seyidovun sözlərinə görə, bu davranışın kökü ondan irəli gəlir ki, bir neçə müddət əvvəl AŞ PA-da xüsusi istintaq qrupu yaradılıb: “Biz bu istintaq qrupunun yaradılması ilə bağlı öz fikrimizi ortaya qoymuşduq ki, AŞ PA-nın ali prinsiplərindən biri qanunun aliliyidir, məhkəmə olmadan, hüquqi prosedur olmadan kimisə ittiham etmək qəti qadağandır. Məhz buna görə də bizə qarşı belə münasibət yarandı. Bizim fikrimiz özünü doğrultdu, həmin qrupun hesabatının böyük əksəriyyəti Azərbaycana qarşı yönəldi”.

Millət vəkili bildirib ki, AŞ PA-nın daxilində də qurumun fəaliyyətinin şəffaf olmadığı deyilir: “Azərbaycanla bağlı qəbul olunmuş sənədlərin əksəriyyəti mənfi xarakterlidir, ancaq Ermənistanla bağlı sənədlər müsbətdir. Necə olur ki, Ermənistanda bu qədər hadisələr baş verir, mövcud rejim xalq tərəfindən tarixin zibilliyinə atılır, ancaq Ermənistanla bağlı müsbət rəy var? Britaniyalı deputat bildirmişdi ki, bu məruzəyə Azərbaycanın adını salmaq düzgün deyil, ona görə ki, başqa ölkələrdəki prosesi araşdırmırsınıza, Azərbaycanın adını bura salmaq qeyri-obyektivdir. Bununla belə, həmin deputatın təklifi qəbul olunmadı. AŞ PA-da Azərbaycana qarşı fəaliyyətdə olan bir neçə qrup, o cümlədən Ermənistan lobbisi Azərbaycana əleyhinə belə addımlar atırlar”.

Qeyd edək ki, ötən gün AŞ PA-nın Prosedur qaydaları və institusional məsələlər komitəsi Assambleyanın bəzi üzvlərinə, o cümlədən S.Seyidova qarşı sanksiyalar tətbiq edib.

Müvafiq qərarda qeyd olunur ki, AŞ PA üzvləri üçün nəzərdə tutulmuş “Davranış Qaydaları” Məcəlləsinin 25-ci bəndinə əsasən, S.Seyidov fəaliyyətində AŞ PA-nın etik qaydalarını ciddi şəkildə pozub. Onlar müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edilib.

AzNews.az